Xalq artisti Tofiq Bakıxanovun yubileyinə həsr olunmuş musiqi festivalı

Mədəniyyət və Turizm Nazirliyinin və Bəstəkarlar İttifaqının birgə təşəbbüsü ilə tanınmış bəstəkar, Xalq artisti, Prezident təqaüdçüsü, professor Tofiq Bakıxanovun anadan olmasının 85 illiyinə həsr olunmuş musiqi festivalı keçirilir.

Geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqinin müxtəlif janrlarında sınayıb, balet, musiqili komediya, simfonik, xor, instrumental, vokal və kamera əsərləri yaradıb.
Dekabrın 7-də Bakı Musiqi Akademiyasının böyük zalında festival çərçivəsində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllim və şagirdlərinin konserti oldu.
Tədbirin aparıcısı Nərgiz Kərimova sənətkarın həyat və yaradıcılığından danışdı. Bildirdi ki, Tofiq Bakıxanov 8 dekabr 1930-cu ildə məşhur sənətkar, tarzən Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. 1957-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini (böyük bəstəkar Qara Qarayevin sinfi) bitirib. Bəstəkar 3 balet, 3 operetta, 8 simfoniya, 5 simfonik muğam, 6 simfonik poema, simfonik süita və uvertüralar, kamera-instrumental əsərlərin, Azərbaycan şairlərinin sözlərinə yazılmış yüzədək mahnı və romansın müəllifidir. Tofiq Bakıxanov bəstəkarlıqla yanaşı elmi fəaliyyət də göstərir. “Musiqili ömrüm”, “Azərbaycan və İran musiqiçilərinin qarşılıqlı əlaqələri” monoqrafiyaları, metodik vəsaitlərin müəllifidir.
Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova bildirdi ki, bəstəkarın sənət zövqü, yaradıcılıq üslubu Qara Qarayevin təsiri altında formalaşıb. Onun yaradıcılıq üslubunda xalq musiqisi və müasir bəstəkarlıq texnikası üzvi vəhdət yaradıb.
Professor Hökümə Əliyeva, bəstəkar, Xalq artisti Sevda İbrahimova, Əməkdar jurnalist İttifaq Mirzəbəyli Tofiq Bakıxanov haqqında fikirlər söylədilər və yubilyarı təbrik etdilər.
Çıxışlardan sonra Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin “Dolçe Vita” kvintetinin, Nərgiz Hüseynzadə, Elnarə Tağızadə, Jalə Quliyeva, Erik Kaitmazov, Nəbi Quliyev, İsrafil Rəsulov, Sevinc Kərimov, Mahir Tağızadə, Humay Süleymanbəyli və Nurlan Cəfərlinin ifasında bəstəkarın əsərləri səsləndirildi. Sonda sənətkar tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.
Qeyd edək ki, dekabrın 15-dək davam edəcək festival çərçivəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və solistlərin çıxışları nəzərdə tutulub.

Savalan Fərəcov