...O dünyasını dəyişəndə 1979-cu il idi. O vaxt bizim nəslin musiqi zövqü, sənət duyumu təzəcə formalaşırdı. Bizim, sənət aləmindən uzaq olan valideynlərin yeniyetmə övladlarının onu sağlığında bəyənib sevmək, fanatına çevrilmək fürsəti olmadı. Ona görə yox ki, Vaqif Mustafazadə qəliz sənətkar idi, ya da bizim zövqümüz, ağlımız çatmırdı ki, onu duyaq, dərk edək. Sadəcə, o zaman Azərbaycanda bizi Vaqifdən uzaqlaşdırmağa yönəlik ciddi cəhdlər var idi. Səbəbini də çox sonralar, həyat oyunlarını dərk etdikdə anlayacaqdım: istedadın qarşısını kəsmək, onun meydanını daraltmaq istedadsızların istedadlı, zəiflərin güclü görünməyi üçün gərəkmiş! Nə acı ki, belə oyunların qurbanına çevrilən Vaqif Mustafazadəni də biz lent yazılarından bəyənib sevdik, xatirələrdən tanıdıq. Onun gah bəstəkarlıq fakültəsini bitirmədiyini, gah da saçının, bığının sovet sənətkarının görünüm ladında olmadığını bəhanə gətirib, yolunu kəsənlər indi hardadır, onları kim necə xatırlayır, bilən yoxdur. 
   
   Vaqif Mustafazadənin istedadının parladığı, onun dünya caz musiqisinə yeni istiqamət gətirməsi ilə bağlı mənimlə yaşıd bir xatirə var.
   ...1966-cı il. Tallində «Kalev» konsert-idman kompleksində ənənəvi caz festivalı keçirilir. O zamanlar dünya çapında tanınan caz mütəxəssisi Velis Konoverin başçılıq etdiyi münsiflər heyəti çıxışçıların ifalarını dinləyir, qiymətləndirir. Dörd gün davam edən festivalın sonunda kimsənin tanımadığı boy-buxunlu cavan oğlan səhnəyə çıxır və royalda «Mənim sevdiyim insan» adlı əsərini ifa edir. Çalğı başa çatanda indiyədək eşitmədikləri ladda qeybdən süzülürmüş kimi gözəl musiqini dinləyən tamaşaçılar da ayılırlar. Salon onu, bizim soydaşımız olan cavan cazmeni ayaq üstə alqışlayır. Vaqif Mustafazadəni festivalın qalibi elan edən Velis Konover, bu ifanın onda doğurduğu təəssüratı belə ifadə edir: «Vaqif qeyri-adi pianoçudur. Dünya cazında ona bərabər musiqiçi tapmaq çətindir».
   Həm milli musiqimizin şöhrəti, həm soydaşımızın beynəlxalq aləmdə uğuru adına qürur gətirən bu etirafı qoparan musiqiçi isə həmin sənət yarışında Azərbaycanı yox, Gürcüstanı təmsil etmişdi. Çünki doğma Bakıda Vaqifi yaman sıxışdırırdılar. Belə bir qələbə də Vaqifi dırnaqarası musiqi məmurları, sənət ideoloqlarının kinayəsindən, danlağından qurtara bilmir. Bununla belə, «dünyada ən çox anamı, İçərişəhəri, bir də dənizi sevirəm» deyən Vaqif, Tbilisidə qismətinə çıxan həyatının qadını Elzanı, bu nikahdan doğulan qızı Əzizəni götürüb Bakıya yığışır.
   Vaqifi gözdən salmaq üçün onun caz kimi improvizədən yaranmış muğama münasibətinə görə qınayırdılar, amma o axtarırdı, yaradırdı.
   Vaqifi xalq mahnılarına münasibətinə, «Sevil» vokal ansamblına görə incidirdilər. Amma bu gün «Sevil» üçün işlənmiş həmin mahnılar klassik aranjiman nümunəsi sayılır. Televiziya ilə həmin təkəm-seyrək çıxışlar, barmaqla sayılası lent yazıları Vaqifə canı bahasına başa gəlirdi. 29 yaşında ürəyinə düşən çapığı da Vaqif nə dost, nə də qadın xəyanətindən almışdı. Anlanmamaq dərdi, özü də qəsdən anlanmamaq dərdi Vaqifi infarkt etmişdi.
   Doxsanıncı illərin əvvəlləri idi. O zaman Azərbaycanda siyasi vəziyyət nə qədər gərgin olsa da, qəzetləri oxuyanlar indikindən çox idi və yaxşı bir yazı yaradıcılıq dairələrində, redaksiyalarda, cəmiyyətdə günlərlə müzakirə olunurdu. Hansı qəzetdə dərc edildiyini unutsam da, mərhum şairimiz Bəxtiyar Vahabzadənin səmimi etiraf yazısının təəssüratı dəqiq yadımdadır. Böyük şair illər öncə Televiziya və Radio Komitəsində Bədii Şuranın üzvü olarkən rastlaşdığı bir olayı xatırlayırdı. Həmin gün bədii şurada bir neçə əsəri dinləyib qəbul edəcəkmişlər. Vaqif Mustafazadə də gəlir, öz əsərini çalır. Bəxtiyar müəllimin yazdığına görə, şuranın bütün üzvləri heyranlıqla Vaqifin ifasını dinləyirlər. Amma qərar qəbul etmək məqamı yetişəndə şuranın ali təhslli, peşəkar bəstəkar və musiqişünas üzvləri ilə yanaşı, musiqidən bixəbər olanlar da Vaqif Mustafazadənin əsərini qəbul etməkdən boyun qaçırırlar. Bundan daha çox həmin iclasda Vaqifin bir müəllif kimi öz haqqını müdafiə etməyə qalxarkən eşitdiyi təhqirlərə (!) cavab vermədən pərt halda otaqdan çıxması şairi sarsıdır. Bu sayaq sıxıntılara ürək yazıq necə dözsün?!
   Amma istedad, yazıb-yaratmaq eşqi qaynayan bulaq kimidir. Yerin altında qalmayacaq, mütləq üzə çıxacaq! Bulağın suyunu arxla taxıl zəmisini suvarmağa da yönəltmək olar, ayaqlar altında gölləndirib çirkləndirmək də. Onsuz da bulaq qaynamağından qalan deyil. Amma istedad sahibini bulaqdan fərqləndirən bir məqam var. Ya istedadı tükənir, ömrü davam edir, ya da ömrü istedadını xərcləməyə yetmir. Elə Vaqifin də, Vaqif kimi neçə istedadın da qarşısını birincilər kəsmədimi? Ən pisi də budur ki, Vaqifə bu zərbələri öz sənətdaşlarının əliylə vururdular.
   Xalq yazıçısı Anarın düz 25 il öncə çap etdirdiyi bir xatirə var. S.Vurğun adına Rus Dram Teatrında yazıçının «Şəhərin yay günləri» pyesi tamaşaya qoyulurmuş. Quruluşçu rejissor Gülcahan Güləhmədova-Martınovanın təklifi ilə tamaşaya Vaqif Mustafazadə musiqi bəstələyir. Bakının havasını, bürkülü yayını, ümumilikdə əsərdəki gərginliyi, dramatizmi əks etdirən bir musiqi. Nəhayət, bir gün Fioletov küçəsindəki səsyazma studiyasını alıb bütün gecəni tamaşanın musiqisini lentə yazırlar. Musiqi parçalarını Vaqif özü çalır. Bütün yaradıcı proseslər kimi bu səsyazma zamanı da xeyli əziyyət çəkirlər, hər nömrəni bir neçə variantda lentə alırlar. Proses tamamlandıqdan sonra bəstəkarla rejissor ən yaxşı hissələri bir-birinə calayıb montaj edir, səhərə yaxın işlərini başa vurub dağılışırlar. Lentləri də teatra gətirirlər. Bir neçə gündən sonra əsas məşq ərəfəsində «Şəhərin yay günləri»nin musiqisi...itir. Qəsdən, ya təsadüfən? Bilinməyib, lentlər yoxa çıxıb, vəssalam. Hər halda, rejissor bu dəhşətli xəbəri bəstəkara çatdıranda Vaqif münasibətini sakitcə gülümsəməklə bildirir: «Nə olar, bir də yazarıq».
   Bir də səsyazma studiyasında vaxt alırlar. Yenə də səhərədək oturub musiqini təzədən lentə alırlar. Bu dəfə də gözəl bir musiqi parçaları yazılır, amma əvvəlkindən fərqlənir.
   Eh, görəsən, tamaşanın musiqisinin itməsi Vaqifin sənətdə yediyi neçənci haqsız zərbəymiş...
   Yeridir ki, gərək az qala toplum halında bir nöqsanımızı etiraf edək: bizlərdən kiminsə nailiyyətini kənardan yadlar bəyənib qiymətləndirməyincə özümüz etiraf etmərik. Elə 1979-cu ildə Monakoda keçirilən beynəlxalq caz kompozisiyaları müsabiqəsində «Əzizəni gözləyərkən» kompozisiyasının ən yüksək mükafata layiq görülməyilə (yeri gəlmişkən, həmin müsabiqədə yalnız lent yazıları iştirak edirdi, canlı musiqi səslənmirdi) Vaqif Mustafazadəyə qarşı soyuq münasibət ilındı. Ona çoxdan layiq olduğu əməkdar incəsənət xadimi adı da verildi. Amma... illərlə sənət potensialını ürəyincə sərf edə bilməmək iztirabı, maneələr öz işini görmüşdü.
   Elə həmin ilin dekabrın 16-da yad şəhərdə verilən konsert Vaqif Mustafazadənin son çıxışı oldu. İkinci infarkt Vaqifi Azərbaycan mədəniyyətinin kisəsindən vaxtsız apardı.
   Vaqif Mustafazadə dünya caz musiqisində yeni bir cərəyanın təməlini qoydu. Azərbaycan muğam-cazını bütün dünya qəbul etdi. Əslində Vaqifin özünə, sənətinə, muğam-caz sintezinə münasibət bir növ sovet ideologiyasının caza, imperiyadakı milli mədəniyyətlərə o qədər də qabardılmayan ikinci dərəcəli bəsit dəyərlər münasibətinin kalkası idi. Vaqifin istedadının kölgəsində qalanlar da bu ideolojidən məharətlə faydalanırdılar.
   Şükürlər ki, bu gün biz müstəqil dövlət olaraq öz ideologiyamızı, öz mədəniyyət siyasətimizi milli-dünyəvi dəyərlər müstəvisində qururuq.
   Bu gün Azərbaycanın muğam, aşıq sənəti də, klassik musiqidəki uğurları da, caz musiqisindəki nailiyyətləri də göz qabağındadır. Vaqifin ən böyük əsəri - Əzizə Mustafazadə təkcə ata yolunun layiqli davamçısı yox, həm də öz üslubunu yaratmış ifaçı-bəstəkardır. Bir zamanlar Vaqifin layiq olub yetmədiyi şöhrət tacını «caz ulduzu» kimi təqdim edilən Əzizə şərəflə daşıyır. Cəmi 9 yaşında atasını itirən Əzizə deyir: «Atamın həyatı çox qısa oldu. Lakin atam kimi musiqiçilər və ölüm - tamamilə fərqli anlayışlardır. Atamın gücü mənə keçib və biz birlikdə yaradırıq».
   Əslində, Vaqif Mustafazadə də bu gün bizimlədir. Onun ömrü caza maraq göstərən hər gənc ifaçıda, onu heç zaman unutmayan dostlarında, bu gün də qəlbimizin tellərini ehtizaza gətirən yadigar ifalarında, cazı Vaqifin təfsirində duyub anlayaraq sevən musiqisevərlərdə davam edir. Biz Vaqifsiz keçən otuz ildə Vaqiflə olmuşuq, bundan sonra da onunla qalacağıq. Sevdiyimiz bəstəkarların, ifaçıların sırasında onun adını çəkəcəyik, yorulmadan dinləyəcəyik.
   
   Gülcahan MİRMƏMMƏD