Kino salnaməmizin saxlanc məkanı elmi tədqiqat mərkəzi kimi də fəaliyyət göstərir
   
   Yəqin ki, “fond” kəlməsi hər kəs üçün eyni cür assosiasiya olunur: toplanan, qorunan vəsait. Bu yazıda oxucularımızı elə bir fondla tanış edəcəyik ki, burada qorunan mirasın dəyəri hansısa real maddi məbləğlə ölçülə bilməz. Kino salnaməmizin toplandığı Azərbaycan Dövlət Film Fondu. Qəzetimizin redaksiyası da bu binada yerləşdiyindən bir çox tanışlarım mütəmadi olaraq məndən soruşurlar ki, Dövlət Film Fondunda çalışanların işi nədən ibarətdir? 
   
   Bugünlərdə imkan tapıb fondu gəzib-dolaşdıq. Çoxları buranı arxiv kimi qəbul etsə də, fondda qaynar iş həyatı var. Buradakı şərait, əməkdaşların iş prinsipi ilə bizi Dövlət Film Fondunun baş mütəxəssisi Rəşad Qasımov tanış etdi.
    
   Bərpa və texniki nəzarət
   
   İlk baş çəkdiyimiz yer bərpa və texniki nəzarət otağı oldu. İş prosesinin qızğın vaxtında otağa daxil oluruq. Fondun əməkdaşları - əməkdar mədəniyyət işçiləri Rəfael İmanov və Xuraman Pişiyari “Babamızın babasının babası” filminin səs yazısını rəqəmsal daşıyıcıya köçürürlər. 
   Həmsöhbətlərim bildirir ki, bir ildir bütün filmlərin səsi rəqəmsal formada hazırlanır. Filmlərin sinxron səsi təmizlənir. Səs və təsvir ayrı-ayrı lentlərdə olduğu üçün təmizləmə prosesindən sonra onlar bir lentdə cəmlənir. Filmlər işləndikcə keyfiyyətini itirə, kino lenti deformasiyaya uğraya bilər. Bunun qarşısını almaq üçün yeni texnologiyalara köçürülür. Bu proseslə filmin ömrü də uzadılır. Hazırda 70-dən çox nüsxə rəqəmsal daşıyıcılara köçürülüb. Əvvəllər filmin ömrünü uzatmaq üçün onu kinolentdən yeni lentə köçürürdülər. İndi isə müasir texnoloji sistemlərə üstünlük verilir. Tərkib etibarilə yanmaya meylli lentlərin də bərpası nəzərdə tutulur. Xronometrajından asılı olaraq filmlər bir və bir neçə günə köçürülə bilər. Müsahiblərim qeyd edir ki, fondda filmlərin rənglərinə də düzəliş verilir, pozulmuş rəng balansı “Harmoniya” aparatı vasitəsilə bərpa edilir. 
   
   Bir filmin bərpası 10 gündən çox vaxt aparır
   
   Filmlərin yuyulması sexində Tamilla Muxtarova bizi iş prosesi ilə tanış edir. Lentlər xüsusi qurğuda fırladıldığı zaman bakteriyalar, rəngin balansının pozulması və s. qüsurlar aşkar olunarsa, onlar kateqoriyalara uyğun olaraq bərpaya göndərilir. Əgər bir çatışmazlıq yoxdursa, yenidən boksa - saxlanc otağına verilir.
   İndi isə “Ultraclean” - təmizləmə otağındayıq. Öncə qeyd etdiyimiz yuyulma prosesi burada həyata keçirilir. Məlumat verilir ki, bir filmi yumaq bir həftə vaxt aparır. Proses zamanı filmlər ütülənir, təmizlənir və belə demək mümkündürsə, təravətləndirilir. Yuyulma prosesində müxtəlif kimyəvi maddələrdən istifadə edilir, yaşı çox olan filmlər tozdan, yapışmadan, kiflərdən burada təmizlənir. Bu iş çox məsuliyyətlidir. Hər maddəni qədərində istifadə etmək, ehtiyatlı olmaq lazımdır. Bundan əlavə, cızıqların bərpası “Glance” aparatı vasitəsilə həyata keçirilir. Öyrənirik ki, bütün bu avadanlıqlar Fransadan gətirilib. 
   Filmlər bokslarda 5 dərəcə temperaturda saxlanılır. Filmin bərpa edilməsi prosesi mərhələlərlə baş verir: əvvəl 5 dərəcədən 10 dərəcəyə, sonra 20 dərəcəyə qədər olan otaqlara köçürülür. Bu mərhələni keçdikdən sonra isə lent kameradan çıxarılır. Çünki lent birbaşa normal temperatura çıxarılarsa, kondensasiya baş verə bilər və bu, lent üçün təhlükəlidir. Ümumilikdə bir filmin bərpası 10 gündən artıq vaxt aparır. 
   Fondda yaradılan kiçik muzey də diqqətimizi cəlb edir. Burada müxtəlif illərdə çəkilən filmlərin afişaları və digər məlumatlar yer alıb. Ən maraqlı eksponatlardan biri də kinorejissor Səməd Mərdanovun şəxsi tarıdır. Bu alət “Mavi dənizin sahilində” filmində istifadə edilib. Həm də nəzərə alsaq ki, bu film dünya kino tarixinin 100 ən yaxşı filmi siyahısındadır. R.Qasımov bildirir ki, fond muzey xarakteri daşımasa da, burada çoxsaylı eksponatlar qorunur və gələn qonaqlara nümayiş etdirilir. İlk oyuncaq cizgi filmimizin personajları da bu muzeydə sərgilənir.
   
   64 min saxlanma vahidi 
   
   Fondun sənəd arxivində filmlərin müəllif və rejissor ssenariləri, afişaları, fotoalbomları qorunur. Hər bir ekran əsərinin albomu filmin yaradıcı heyəti tərəfindən hazırlanıb. Azərbaycan filmlərinin tarixini öyrənmək istəyən hər kəs müvafiq icazə əsasında bu sənədlərlə tanış ola bilər.
   R.Qasımov məlumat verir ki, Azərbaycan Dövlət Film Fondu Nazirlər Kabinetinin 22 dekabr 1993-cü il tarixli sərəncamına əsasən «Azərkinovideo» İstehsalat Birliyinin nəzdində yaradılıb, 1994-cü ildən keçmiş «Qələbə» kinoteatrının bazasında fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin 4 avqust 2008-ci il sərəncamı ilə təsdiq edilən “2008-2018-ci illər Azərbaycan kinosunun inkişafına dair Dövlət Proqramı”na əsasən Fond üçün hazırkı bina inşa edilib və 2009-cu ildə istifadəyə verilib.
   Fondda ümumilikdə 64 mindən çox saxlanma vahidi mövcuddur. Onlardan 20 mini kino lentləridir. Rejissor Vladimir Ballyuzekin 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsində ekranlaşdırdığı “Qız qalası” tammetrajlı səssiz bədii filmi də burada qorunur. 
   Fondun əsas fəaliyyət istiqamətlərindən biri də kino sənətinin təbliğidir. Burada milli kino sənətimizlə yanaşı, xarici filmlər də təbliğ olunur. Kino salnaməmizin bu saxlanc məkanı elmi tədqiqat mərkəzi kimi də fəaliyyət göstərir, Azərbaycanın kino tarixi ilə bağlı müxtəlif çap məhsulları hazırlanır. Burada filmlərin qorunması ilə yanaşı, eyni zamanda onlar üzərində elmi əsaslarla tədqiqat işləri də aparılır. Fondda həmçinin Azərbaycanın görkəmli kino xadimlərinin yaradıcılıq gecələri və yubileyləri keçirilir.
   
   Beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi
   
   Bu cür fondlar hazırda bir çox ölkələrdə də mövcuddur və filmlərin qorunması, bərpası, arxiv materiallarının toplanması və qorunması onların əsas vəzifələrindəndir. Azərbaycan Dövlət Film Fondu da eyni məqsədə xidmət edir. 
   Dövlət Film Fondu öz fəaliyyətini 1999-cu ildən üzvü olduğu Beynəlxalq Kino Arxivləri Federasiyasının (FİAF) tövsiyələri əsasında qurub. Federasiyasının Brüssel şəhərində yerləşən qərargahı ilə müntəzəm olaraq əlaqə saxlanılır, müxtəlif adda kino ədəbiyyatları, dünya kinosunda arxiv işinin təşkili və bu sahənin inkişafındakı yeniliklər haqqında informasiyalar alınır. Fond öz fəaliyyət və prinsiplərini federasiyanın tövsiyələri əsasında beş əsas istiqamət üzrə həyata keçirir. Bura filmlərin bərpası və qorunub saxlanılması, milli və xarici kino sənətinin təbliği, arxiv materiallarının toplanması, elmi tədqiqat və araşdırma işlərinin aparılması və beynəlxalq əlaqələr üzrə işlər daxildir. 
   Sovet dövründə ölkəmizdə belə bir fond olmadığından Azərbaycanda istehsal olunmuş filmlər SSRİ Dövlət Kinematoqrafiya Komitəsinə, televiziyanın sifarişi ilə çəkilmiş filmlər isə SSRİ Teleradio Fonduna təhvil verilirdi. SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin xətti ilə çəkilmiş filmlər Moskva şəhərində yerləşən SSRİ Dövlət Film Fondunda cəmləşdirilirdi ki, onların ilkin materialları bu gün də orada saxlanılmaqdadır. Azərbaycanda qalan film nüsxələri isə «Azərbaycanfilm» kinostudiyasında və «Azərprokat»da saxlanılırdı. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2001-ci il tarixli sərəncamı ilə «Azərkinovideo» İstehsalat Birliyi ləğv edilib və onun funksiyaları Mədəniyyət Nazirliyinə verilib. Hazırda Dövlət Film Fondu Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
   Beləcə, Dövlət Film Fondunun iş prosesi ilə tanışlıq bizi bir çox məqamlardan agah etdi. Filmlərimizin keşiyində duran fədakar insanlara təşəkkür edir, onlara işlərində uğurlar arzulayırıq. 
   
   Lalə Azəri