Rejissor İlqar Nəcəfin “Nar bağı” filmi 22-28 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək 13-cü Avrasiya beynəlxalq film festivalının əsas müsabiqə proqramında nümayiş olunacaq. 
   “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Ekran əsəri 11-ci “Asia Pacific Screen Awards” (APSA) mükafatına namizədlərin siyahısında yer alıb. “Asiya Oskarı” kimi tanınan nüfuzlu mükafat hər il Avstraliyanın Brisben şəhərində təqdim olunur. Qeyd edək ki, 2011-ci ildə İlqar Nəcəf “Buta” filminə görə “Ən yaxşı uşaq filmi” nominasiyasında “Asia Pacific Screen Award” mükafatı ilə təltif olunub.
   Avrasiya beynəlxalq film festivalının münsiflər heyətində isə Azərbaycandan Əməkdar incəsənət xadimi, kinorejissor və ssenarist Elçin Musaoğlu təmsil olunacaq. 
   Elçin Musaoğlunun “40-cı qapı” və “Nabat” tammetrajlı bədii filmləri bir sıra nüfuzlu festivalların müsabiqə proqramlarında iştirak edib və mükafatlara layiq görülüb.