“Qaraca Çoban o qədər nəhəng bir adam imiş, məskəni olan Qaraçuq dağının zirvəsindən əyilib dağın yaxınlığından axan çaydan su içərmiş”
   
   Filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanova hazırda Ermənistanın işğalı altında olan Xocavənd rayonunun sakinlərindən çoxlu folklor materialları toplayıb. Bunların bir qismi bölgələrimiz üçün xarakterik olan mifoloji rəvayətlərdir. Xocavənd sakinlərindən toplanan rəvayətlərin bir qismini də Qaraca Çobanla bağlı söylənən mətnlər təşkil edir.
   Alim deyir ki, Xocavənd bölgəsinin sakinləri arasında Qaraca Çobanla bağlı mətnlər olduqca məşhurdur: 
   - Qaraca Çoban obrazının bu bölgə ilə bağlılığı barədə ilk məlumatlara mərhum folklorşünas Şamil Cəmşidovun “Kitabi-Dədə Qorqud”u vərəqləyərkən” adlı əsərində rast gəlirik. Xocavənd rayonunun Muğanlı, Əmirallar, Qaradağlı kəndlərinin camaatı arasında bu mətnlərin daha geniş yayıldığının şahidi olduq. Xocavənd və Kuropatkin kəndlərindən olan söyləyicilərimiz Qaraca Çobanla bağlı bir neçə mətn danışdılar. Onlar bu mətnlərin qeyd etdiyim kəndlərin sakinləri olan qonşularından, əksəriyyəti isə vaxtilə öz ata-babalarından və yaxud kəndin yaşlı sakinlərindən eşitdiklərini deyirdilər. Bu faktın özü ərazinin işğalından qabaq həmin mətnlərin bölgədə nə qədər yayğın olduğunu göstərən faktdır. 
   - “Dədə Qorqud kitabı”nda Qaraca Çoban müxtəlif cür adlandırılır. Folklor materiallarında da buna rastlanırmı?
   - Folklor söyləyiciləri bu obrazı gah Qara Çoban, gah da Qaraca Çoban adlandırırdılar. Maraqlıdır ki, “Dədə Qorqud kitabı”nın özündə də Qaraca Çobanın müxtəlif cür adlandırıldığının şahidi oluruq. Dastanda Qaraca Çobanın adı 45 dəfə çəkilib ki, onlardan yalnız beşində obraz Qaraca Çoban adlandırılıb, beş dəfə Qaracıq Çoban, bir dəfə Qaracuq Çoban, bir dəfə Qarıcıq Çoban, otuz üç dəfə isə sadəcə çoban formasında işlədilib.
   Mərhum Şamil Cəmşidov Xocavənd, Ağcabədi və Beyləqan rayonlarının əhalisinin Qaraca Çobanın adını Qaraçuq Çoban, Qaraçuq dağını isə eyni zamanda “Qaraçuğun dağı”, yaxud “Qara Çoban dağı” şəklində tələffüz etdiklərini yazır. Xocavəndli söyləyicilərimiz Qaraca Çobanın Qaraçuq dağının ətəyində yaşadığını, orada qoyunlarının yataq yerinin, su kəhrizinin olması haqqında məlumat verir, Qaraca Çobanın bütün var-dövlətinin bu dağda olmasını deyirdilər. Qaraçuq dağının da “Dədə Qorqud kitabı” ilə bağlı toponim olması məlum həqiqətdir. 
   - Bəs xalq rəvayətlərində Qaraca Çoban necə təsvir olunur?
   - Xalq rəvayətlərinə görə, Qaraçuq Çoban son dərəcə nəhəng bir adam imiş, o öz doğma məskəni olan Qaraçuq dağının zirvəsindən əyilib, dağın yaxınlığından axan Xonaşin çayından su içərmiş. Onun çomağı o qədər iri imiş ki, yanınca sürüyərkən yerdə xış kimi cızıq salarmış. Qaraçuq Çoban özünün zəncir qollu sapandına böyük qoyun boyda daşları qoyub atmaqla basqın edən düşmənləri qovarmış.
   Qaraçuq dağının ətəyində salınmış Avşar qəbiristanlığında iri qara daşlar var. Yerli sakinlərin dediyinə görə, bu daşlar çox ağırdır, qaldırmaq olmur. Həm də bu daşların yalnız burada olması, yaxın yerlərdə belə daşlara rast gəlinməməsi ilə bağlı məlumatlarla da tez-tez qarşılaşırdıq. Xocavəndlilərin dediyinə görə, bu daşlar vaxtilə Qaraca Çobanın atdığı daşlardır. 
   Xocavənd sakinlərindən qeydə aldığımız mətnlərdə Qaraca Çobanın həmin daşları bir neçə səbəblə atması vurğulanır. Bu mətnlərdən birində göstərilən səbəb “Dədə Qorqud kitabı”ndakı sapanddan daş atma məsələsi ilə çox oxşardır. Yəni burada da Qaraca Çobanın dağın başında dayanaraq üstünə gələn düşmən qoşununa sapandla daş atmasından söhbət açılır, amma düşmənlərin nə səbəbə gəlməsi göstərilmir. Başqa mətndə Qaraca Çobanın ölülərini çox ağlayan Avşar camaatını qəbiristanlıqdan qovmaq üçün Qaraçuq dağında dayanaraq buranı daşladığından bəhs olunur. Digər bir mətndə Qaraca Çobanın Qaraçuqda dayanaraq Nooruz dərəsinə daş atmasından söhbət gedir. 
   - Qaraca Çobanın ölümü ilə bağlı xalq arasında hansı rəvayətlər var?
   - Rəvayətlərin biri belədir: “Qaraçuq Çoban peyğəmbər əyyamında yaşayıbmış. Lakin o, Allahı, peyğəmbəri tanımazmış. Bir gün iki dərviş onun yanına gəlib, peyğəmbər adından qoyunlardan qurban kəsməyi tələb edir. Bunu qəbul etməyib dərvişləri qovduğu üçün Allahın Qaraçuq Çobana acığı tutub, özünü və qoyunlarını daşa döndərib”.
   Başqa bir rəvayətdə isə onun öz əcəli ilə öldüyü göstərilir. Deyilənə görə, Qaraçuq Çoban ölümünün yaxınlaşdığını duyub, Qaraçuq dağının başında dayanıb, sapandına böyük bir daş qoyub atıb və deyib: “Sapandın daşı hara düşsə, məni orada dəfn edərsiniz”. Daş gəlib Qaraçuqdan təxminən 15 kilometr aralı olan Nərgiztəpəyə düşüb. Odur ki, öləndə onu burada dəfn ediblər. Lakin Qaraçuq Çobanı nə götürmək, nə də bir qəbrə yerləşdirmək mümkün olmadığından baş, bədən, iki qol, iki qıç olmaqla 6 hissəyə bölüb ayrı-ayrı qəbirlərdə basdırıblar”. Hazırda “Qaraçuq Çobanın qəbri” deyə göstərilən Nərgiztəpə adlı bu yer çox qədim bir qəbiristanlıqdır. Burada köhnə qəbirlərin sinə və baş daşları üzərində ox-kaman, at, atlı, ev, kuzə və s. şəkillər həkk edilib.
   
   S.Qaliboğlu