Hər il olduğu kimi, bu il də sentyabrın 15-i ölkəmizin bütün təhsil müəssislərində yeni tədris ilinin başlanması - “Bilik günü” qeyd olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin sisteminə aid turizm təhsili ocaqları da “Bilik günü”nə hazırdır. Bu sıraya Azərbaycan Turizm və Menecment Universiteti, onun nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbi, eləcə də Mingəçevir Turizm Kolleci daxildir.
       
   ATMU-da yüksək bal toplayan tələbələrlə görüş keçirilib
   
   Bu il Azərbaycan Turizm və Menecment Universitetinə (ATMU) 600-dən yuxarı bal toplayaraq qəbul olan tələbələrlə görüş keçirilib. Tədbirdə universitetin rektoru İlham Mədətov, prorektorlar Eldar Aslanov, İranə Əliyeva iştirak edib. 
   Görüşdə çıxış edən rektor İlham Mədətov ölkə turizminin dinamik inkişafında önəmli rol oynayan ixtisaslı kadr potensialının formalaşmasında ATMU-nun xüsusi yer tutduğunu diqqətə çatdırıb. Rektor deyib ki, bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında uğur qazanan 458 gənc Azərbaycan Turizm və Menecment Universitetini seçib. Azərbaycanın müxtəlif rayon və kəndlərində təhsili başa vuran həmin gənclərdən 11 nəfəri 600-dən yuxarı bal toplayıb: “Valideynləriniz kimi biz də sevinirik ki, siz gənclər ATMU-nun tələbə kontingentində yüksək bal toplayanlardansınız. Məhz ATMU-nu seçdiyiniz üçün sizlərə təşəkkür edirik”.
   Sonda rektor tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzu edib.
   
   11-ci tədris ili başlayır
   
   Azərbaycan Turizm və Menecment Univerisiteti (ATMU) 11-ci ildir ki, öz qapılarını tələbələrin üzünə açacaq. 2006-cı ildə ölkənin ali təhsil ocaqlarının sırasına qoşulan universitet ölkəmizdə turizm sənayesinin inkişafına öz töhfəsini verməkdədir. 
   ATMU-dan verilən məlumata görə, indiyədək 2 min 122 nəfər məzun universitetin bakalavr pilləsini bitirib, onlardan 143 nəfəri magistr dərəcəsi alıb. Son 10 ildə tələbələrdən 171 nəfər həm bakalavr və həm də magistr pilləsində Azərbaycan Turizm və Menecment Universitetinin, o cümlədən Avstriyanın İMC Krems Universitetinin diplomunu alıb. Ötən tədris ilində universitet tələbələrindən 2 nəfəri Türkiyədə, 12-si Şimali Kipr Türk Cümhuriyyətində, 38 nəfər İsraildə, 1 nəfər Rusiyada və 80-dən çoxu isə Azərbaycanda istehsalat təcrübəsini uğurla başa vurub. 
   Yeni tədris ilində ATMU-ya 12 ixtisas üzrə bakalavriatura səviyyəsində 470 plan yeri ayrılıb. Universitetə qəbul olan 458 nəfərdən 201 nəfəri dövlət sifarişi əsasında, 257 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq. Tələbələrdən 90 nəfəri məcburi köçkün, şəhid ailəsi və ya valideyn himayəsindən məhrum olanlardır. Azərbaycan sektoruna 369, rus sektoruna 34, ingilis dili sektoruna 55 tələbə qəbul olub. İxtisaslar üzrə keçid ballarının 2016/2017-ci illə müqayisəsinə görə deyə bilərik ki, ATMU-da 12 ixtisasdan 4-də ötən illə müqayisədə tələbələrin sayında artım var. Menecment, marketinq, regionşünaslıq, nəqliyyat servisi, beynəlxalq münasibətlər, maliyyə ixtisasları üzrə minimum keçid balı nisbətən aşağı düşsə də, turizm və hotelçilik, tərcümə, muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, sosial iş, qida məhsulları mühəndisliyi ixtisası üzrə yüksək faiz göstəricisi qeydə alınıb.
   Bu il ATMU üzrə minimum keçid balı keçən illə müqayisədə 293-dən 320-yə yüksəlib. Minimum keçid balı 12 ixtisas arasında ən yüksək sosial iş ixtisasında (429), ən aşağı isə muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasında (276 bal) olub.
   Cari tədris ilində ATMU-ya ali təhsilin magistratura səviyyəsində 19 ixtisaslaşma üzrə ayrılan 96 plan yerinə sahiblənən magistr-tələbələrdən 45-i dövlət sifarişi, 49-u isə ödənişli əsaslarla təhsil alacaq. Elmi-statistik təhlil baxımından qeyd edilən rəqəmlər həm ali təhsilin bakalavriat, həm də magistratura səviyyəsində uğurlu göstərici hesab edilir.
   ATMU-da doktorantura səviyyəsində 16 ixtisaslaşma üzrə 23 yerlik qəbul planı Azərbaycan Respublikası Nazirlər Kabinetinə müvafiq qaydada təqdim edilib və cari ilin payızında qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur.
   * * *
   ATMU-nun nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbi isə 2017/2018-ci tədris ili üçün 10 ixtisas üzrə 520 şagird qəbul edib. Hazırda Bakı Turizm Peşə Məktəbi turizm agenti, mehmanxana qeydiyyatçısı, yerli bələdçi, barmen-ofisiant, aşpaz, qənnadıçı, şirniyyatçı, kompüter üzrə operator, dizayner, bərbər (kişi, qadın), bərbər-vizajist, manikürçü və mühasib ixtisasları üzrə təhsil verir.
   
   Fariz Hüseynov