Ötən illə müqayisədə şəhərə 43 faiz çox əcnəbi turist gəlib
   
   Həm müalicəvi neft vannaları əsasında xəstələrin müalicəsində əldə olunan yüksək nəticələr, həm də istirahət üçün şəhərdə yaradılan müasir turizm infrastrukturu Naftalanı turistlər üçün daha cəlbedici kurort mərkəzinə çevirib.    
   Buradakı müasir turizm infrastrukturu nəinki yay aylarında, hətta soyuq qış fəslində də şəhərə gələn turistlərin sayının artmasına səbəb olub. Qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün konsert proqramları, əyləncəli tədbirlər təşkil edilir. 
   Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, 2017-ci ilin səkkiz ayında Naftalanda dincələn və müalicə olunan turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz çox olub. Bu müddətdə şəhərin turizm obyektlərində 22 min 721 turist qeydə alınıb ki, bunun da 5481 nəfəri 60-dək xarici ölkənin vətəndaşlarıdır. Xarici ölkələrdən gələnlərin sayı 2016-cı ilin müvafiq dövrünə nisbətdə 43 faiz artıb. 2016-cı ilin səkkiz ayında şəhərə 3118 nəfər əcnəbi turist gəlib. 
   Naftalana gələn əcnəbilərin əksəriyyəti Rusiya, Qazaxıstan, Qırğızıstan Özbəkistan və Ukraynadandır. Bundan başqa, Türkiyə, Ukrayna, Latviya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Səudiyyə Ərəbistanı, Meksika, Hindistan, Polşa, İtaliya, Şimali Koreya, ABŞ, Kanada və s. ölkələrdən gələnlər olub. Hazırda demək olar ki, şəhərin bütün sanatoriyaları turistlərlə doludur.
   Qeyd edək ki, şəhərdə 3 və 5 ulduzlu 10 sanatoriya, turizm-istirahət obyekti fəaliyyət göstərir. Bu turizm obyektlərində gün ərzində 2200 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.