Gənclərin yeni ekran əsərinin təqdimatı
   
   Noyabrın 10-da Nizami Kino Mərkəzində “Yol ayrıcında qalmış taksi” qısametrajlı bədii filminin təqdimatı keçirildi.    
   Təqdimat mərasimində Xalq artisti, kinorejissor Eldar Quliyev çıxış edərək istedadlı tələbələrinin çəkdiyi filmin mövzusundan söhbət açdı. Rejissor müasir həyatın əks olunduğu ekran işini gənclərin uğuru kimi dəyərləndirdi. Vurğuladı ki, bu janrda filmlər Azərbaycan tamaşaçısı üçün yenilikdir. Ekran əsəri həyatımızın dərinliyini göstərir. Filmi seyr edən tamaşaçı onu hiss edərək başa düşəcək. 
   Filmin rejissoru Murad Quliyev qısametrajlı kinolentin Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Debüt” studiyasında istehsal edildiyini dedi. Bildirdi ki, iki sənət adamının həyatını əks etdirən 30 dəqiqəlik bədii filmin mövzusu kino, teatr, ümumilikdə sənət sahəsində çalışan hər kəsə yaxındır. Müəllif dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi. 
   Sonra film nümayiş olundu. Ekran əsərinin ssenari müəllifi Nonna Müzəffərova, quruluşçu operatoru Elxan Rüstəmov, prodüseri Fuad Əzizov, bədii rəhbəri Eldar Quliyevdir. Psixoloji təsir bağışlayan filmdə əsas rolları Elşən Rüstəmov və Günay Əhməd oynayır. 
   
   Lalə Azəri