Onun mahnılarından Qozluçayın pıçıltısı, Ərgünəş dağlarının ətri gəlir. Yaratdığı melodiyaların bir çoxu zamanında “xalq mahnısı” kimi təqdim edilsə də, “Səni qəmli görəndə”, “Sən də həmdəm, mən də həmdəm”, “Xatırla məni”, “Qarabağ”, “Bəxtəvər gəlin” kimi sevilən və könüllərə yol tapan nəğmələr Bəhram Nəsibova böyük şöhrət gətirib.
   Bəhram Nəsibov 200-dək mahnının bəstəkarı, eyni zamanda çoxlu şeir, qəzəl və bəhri-təvilin müəllifi, istedadlı ifaçı idi.
   Bu barədə Horadiz şəhərindəki Muğam evində mərhum sənətkarın 75 illiyinə həsr olunmuş “Ayrılıq” adlı xatirə gecəsində danışılıb.
   Muğam evinin foyesində təşkil edilən sərgidə bəstəkarın sevimli tarı və onun barəsində mətbuat səhifələrində dərc edilən materiallardan ibarət stend nümayiş olunub.
   Xatirə gecəsini Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elman Məmmədov açaraq, bəstəkarın sevilən nəğmələri və bənzərsiz istedadı barədə danışıb.
   Tədbirin aparıcısı, jurnalist Süleyman Qaradağlı, bəstəkarın uşaqlıq dostu, Sumqayıt Dövlət Universitetinin müəllimi Bəhram Məmmədli, Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov bəstəkarın yaradıcılığından bəhs edib, xatirələrini bölüşüblər.
   Bildirilib ki, Bəhram Nəsibov bütün varlığı ilə dünyaya göz açdığı doğma torpağa bağlı olub. Füzuli rayonunun işğalından bir neçə gün sonra beyninə qan sızması onu yataq xəstəsinə çevirib. Həyatının son beş ilində amansız xəstəliklə mübarizə aparan Bəhram Nəsibov torpaq, yurd nisgili ilə əbədiyyətə qovuşub.
   Əməkdar artist Nizami Abdullayev, müğənnilər Təşkilat Nəsirov, Novruz Ağayev, Hüseyn Məlikov və başqaları, Milli Konservatoriyanın tələbələri Bəhram Nəsibovun mahnılarını ifa ediblər.