Oktyabrın 15-dən noyabrın 15-dək davam edən II Bakı Şopinq Festivalı uğurla başa çatıb. Paytaxtımızda Şopinq festivalı Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən, eləcə də ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq keçirilir. 
   Festivalın keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilib. Təşkilati məsələləri nazirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu müvafiq qurumlarla birlikdə həyata keçirir. Birincisi bu ilin 10 aprel - 10 may tarixlərində gerçəkləşən festival cəlbedici təkliflər və təbliğat vasitəsilə ölkəyə gələn turistlərin sayını artırmaq, turizm, mehmanxana xidməti, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan vermək məqsədi daşıyır.
   İkinci festivalda bir ay müddətində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetikanı, eləcə də digər məhsulları Bakıda yerləşən 500-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə ediblər. Bununla yanaşı, “Baku Shopping Festival - Tax Free” nişanı olan mağazalarda 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların əlavə dəyər vergisinin (ƏDV) müəyyən qismini geri alıblar.
   Festivalda paytaxtımızda yerləşən və üzərində Bakı Şopinq Festivalının loqosu olan bütün mağazalar, və digər obyektlər festivalda iştirak edib. Festivalda mağazalarda endirimlər, həmçinin bir dəfəyə 100 manatdan artıq hər alış-veriş edənlər üçün “Festival sürprizləri” lotereya kampaniyası təşkil olunub.
   Azərbaycan Konqreslər Bürosu tərəfindən festivala qoşulan mağazalardan alış-veriş edənlər üçün təşkil edilən lotereyanın növbəti qaliblərinin adı açıqlanıb. Kampaniya müddətində lotereya iştirakçılarına “Metro Park” alış-veriş mərkəzidən 20 televizor, “Park Bulvar”dan 20 kamera, “Bravo” hipermarketdən 20 mobil telefon, “Baku Electronics”dən 20 tozsoran, “Optimal Electronics”dən 20 soba hədiyyə qazanmaq şansı verilib.
   Festivalın nəticələri ilə bağlı ətraflı məlumatlar müvafiq sorğular aparıldıqdan sonra ictimaiyyətə çatdırılacaq.