Azərbaycanın orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün təşkil olunan “Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti, 8-ci mərhələsi davam edir.
   11-14 noyabr və 16-19 noyabr olmaqla iki hissədən ibarət budəfəki aksiyada 4 istiqamət üzrə (Gəncə-Göygöl-Şəmkir, Lənkəran-Astara-Masallı, Qəbələ-Şəki-Zaqatala və Quba-Qusar-Xaçmaz marşrutları) 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından 3200 nəfər iştirak edir.
   Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, respublikamızın sosial-iqtisadi inkişafı, şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
   Aksiya ölkə başçısı İlham Əliyevin tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə artıq dördüncü ildir həyata keçirilir.
   Ötən müddətdə 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) təşkil olunan tur-aksiyaya 13 min 600-dən çox məktəbli qatılıb. Budəfəki tur-aksiya ilə birlikdə “Ölkəmizi tanıyaq” layihəsində iştirak edən məktəblilərin sayı 17 minə çatacaq.