Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında animasiya rejissoru və ssenari müəllifi Elçin Axundovun anadan olmasının 70 illiyi münasibətilə yubiley tədbiri keçirilib.
   Kinostudiyanın direktoru Müşfiq Hətəmov çıxış edərək E.Axundovun həyat yoluna və yaradıcılığına nəzər salıb. Bildirib ki, Azərbaycan animasiyasının formalaşmasında və inkişafında xüsusi yeri olan rejissor yaratdığı cizgi filmlərində öz dəst-xətti ilə tanınır. Onun yetirmələri müxtəlif ölkələrdə fəaliyyət göstərirlər.
   Digər çıxış edənlər də yubilyarın yaradıcılığından söz açıblar. Qeyd edilib ki, 1968-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin məzunu kimi “Azərbaycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başlayan Elçin Axundov “Cırtdan və Div”, “Uçan zürafə”, “Humayın yuxusu”, “Lovğa fil balası” kimi cizgi filmlərində özünü ssenarinin xarakterik ideyasını duyan, şablondan qaçan bir rəssam kimi göstərib. 1993-cü ildən “Azanfilm” studiyasında direktor, sonralar həm də bədii rəhbər kimi çalışmaqla yanaşı o, rejissor, rəssam, ssenari müəllifi kimi yeni animasiya filmlərinin yaranmasında iştirak edib. “Ümid”, “Cavanşir”, “Qızıl”, “Qarğa balası və özgə yuvası” kimi animasiya filmləri buna nümunədir.
   Elçin Axundovun animasiya sahəsində xidmətləri dövlət tərəfindən qiymətləndirilib, o, 2000-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.