Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar fevralın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə “Uşaqlar və müharibə” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə “Uşaqlar və müharibə” adlı sərgi ilə tanış olublar.
   Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan xalqının son 200 ildə erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qaldığını vurğulayıb. Qeyd edib ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə həqiqi qiymətini tapması üçün yalnız dövlət qurumları deyil, bütün ictimai təşkilatlar, hər bir vətəndaş öz imkanları çərçivəsində fəaliyyət göstərməli, töhfəsini verməlidir. O, Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. 
   Hicran Hüseynova rəhbərlik etdiyi qurum tərəfindən “Müharibə uşaqların gözü ilə” adlı kataloqun, Azərbaycan və ingilis dillərində “Uşaqlar müharibənin günahsız qurbanlarıdır” kitabının nəşr edildiyini vurğulayıb. 
   Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova, Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin baş məsləhətçisi Abid Tahirli, Milli Məclisin deputatları Aydın Mirzəzadə və Bəxtiyar Əliyev tədbirin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, heç bir rəhmli insan hər hansı bir uşağın - istər azərbaycanlı olsun, istərsə də digər millətin nümayəndəsi - müharibədən əziyyət çəkməsini istəməz. Lakin təəssüflər olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-si isə yaralanıb.