Azərbaycanın Litvadakı səfirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə keçirdiyi tədbirlərdə iştirak etmək üçün bu ölkəyə gəlmiş “Laçın” musiqi qrupu beynəlxalq “Skamba skamba kankliai” folklor festivalında iştirak edib.

Festivalda musiqiçilərimiz Tuqay İsmayılov (müğənni), Ədalət Behbudov (tar) və Pərviz Fərhadovun (kamança) çıxışı maraqla qarşılanıb.

“Skamba skamba kankliai” festivalı 1973-cü ildən keçirilir və etno-folklor zəmində Litvanın nüfuzlu beynəlxalq tədbirlərindən hesab olunur. Builki festivalda Azərbaycanla yanaşı, Latviya, Polşa, Kipr, Misir, Estoniya, Rusiya, Niderland, Belarus və digər ölkələrdən kollektivlər iştirak ediblər.

Vilnüsdən başqa, Druskininkai şəhərində də çıxış edən musiqiçilərimiz muğam və xalq mahnılarını səsləndiriblər. Festival təşkilatçıları azərbaycanlı musiqiçilərin ifasından əvvəl tamaşaçılara Qarabağ muğam məktəbi, Şuşa xanəndələri haqqında məlumat verib, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı təqdimatlar ediblər.

Litva Prezident Administrasiyasının qarşısındakı meydanda keçirilən qala-konsertdə də musiqiçilərimizin çıxışları alqışlarla qarşılanıb.

“Laçın” musiqi qrupu festivalda fəal iştirakına görə Litva Mədəniyyət Nazirliyi və Vilnüs Meriyasının fəxri diplomları ilə təltif olunub.