Xəbər verdiyimiz kimi, 18 may tarixindən ölkə üzrə muzeylərin və sərgi zallarının fəaliyyəti bərpa olunub. Bu müddətdə ayrı-ayrı muzeylərdə sosial məsafəyə riayət, eyni zamanda məkanda tamaşaçı sayı üçün limit və s. şərtlərə əməl olunmaqla ziyarətçi qəbulu da başlanıb. Bununla yanaşı, muzeylər sosial şəbəkələrdə yeni və maraqlı təqdimatlarını da davam etdirir.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən növbəti paylaşım muzeyin ekspozisiyasında nümayiş olunan XX əsrin əvvəlinə aid qrammofon və musiqi qutusu ilə bağlıdır. Paylaşımda hər iki eksponatı yüksək səviyyədə bərpa etdiyinə görə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə və bərpaçı-rəssam Natiq Baxışova təşəkkür ifadə olunub. Bildirilib ki, bərpa edilən əşyalar istifadəyə tam yararlı vəziyyətə gətirilib.

Muzeyin təqdim etdiyi yeni “Qastrolçular” rubrikasında isə vaxtilə ölkəmizdə qastrol səfərində olmuş tanınmış musiqiçilər haqqında bilgi verilir. Layihə üzrə ilk olaraq amerikalı tanınmış pianoçu Van Klaybernin (1934-2013) Bakıya qastrolundan söz açılıb və muzeydə musiqiçiyə aid olan materiallar təqdim edilib. Bildirilib ki, keçmiş Sovet İttifaqında da böyük şöhrət qazanan pianoçu P.Çaykovski adına Beynəlxalq müsabiqənin (1958) ilk qalibi olub.

Məlumatda qeyd edilir ki, bir çox ölkələrdə qastrol səfərində olan Van Klaybern 1960-cı il iyunun 26 və 28-də Bakıda, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində iki konsert verib. İlk konsert solo, ikinci konsert isə SSRİ Xalq artisti Niyazinin rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə gerçəkləşib.

***

Milli İncəsənət Muzeyi isə Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birgə milli təsviri sənətimizin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyovun (1930-2013) anım günündə (2 iyun) sənətkarın yaradıcılığına həsr olunan videoçarx təqdim edib.

Hazırladı: LALƏ