Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən təşkil olunan  daha bir beynəlxalq elmi-praktik videokonfrans türk xalqlarının saz-söz sənətinə həsr olunub.

 “Dədə Qorquddan qalan miras – aşıq sənəti” mövzusunda videokonfransa Azərbaycan, Türkiyə, Qazaxıstan, İran və Qırğızıstandan saz-söz dünyasının elm adamları qoşulub.

Azərbaycan ərazisində tarixən Gəncəbasar, Borçalı, Göyçə, Ağbaba-Çıldır, Dərələyəz, Təbriz, Urmiya, Şirvan kimi aşıq mühitləri formalaşıb. Konfrans zamanı aşıq sənətinin gənclər arasında təbliği yolları, birgə layihələr və dünyada mövcud nəzəri yanaşmalar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Videokonfransda “Azərbaycan aşıq sənətində Şirvan mühitinə dair”, “Qarabağ aşıq mühitinin özəllikləri”, “Təbriz-Qaradağ aşıq mühitinin ustad-şagird ənənəsi”, “Ünlü Qars aşığı: aşıq Şenlik Baba haqqında”, “Sulduz aşıq mühiti haqqında” və digər mövzularda məruzələr dinlənilib.

Xatırladaq ki, Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdimatı əsasında “Dədə Qorqud irsi: dastan mədəniyyəti, xalq nağılları və musiqisi” nominasiyası 2018-ci ildə türk dünyasının mədəniyyət nümunəsi kimi UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Ümumtürk folklor abidəsinin din, əxlaq, məişət, fəlsəfə və sair təzahür formalarından danışan məruzəçilər gələcəkdə tədqiqat potensiallarının səfərbər olmasına dair razılığa gəliblər. Onlayn tədbirdə Türk dünyasının alim və sənət adamlarının türk birliyinin qorunması və yaşadılması üçün birgə layihələr reallaşdırması zərurəti də vurğulanıb. Qeyd edək ki, mövcud istiqamətdə MEMİM tərəfindən bir neçə layihə həyata keçirilib. AMEA-nın Folklor İnstitutu ilə əməkdaşlıq çərçivəsində təşkil olunmuş seminar və konfranslar da bu qəbildəndir.

“Dədə Qorquddan qalan miras – aşıq sənəti” mövzusunda beynəlxalq elmi-praktik videokonfransın sonunda iştirakçılara elektron sertifikatlar təqdim edilib.