Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq. Artıq üç həftədir ki, bu müsbət dinamika, əlbəttə, bizi çox sevindirir. Prinsip etibarilə ilk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq.

Prezident İlham Əliyev bu sözləri avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə deyib.

Dövlət başçısı müşavirədə giriş nitqində diqqətə çatdırıb ki, pandemiyanın ilk mərhələsindən bütün təşkilati məsələlər lazımi səviyyədə həll edilib: “Xəstəxana fondumuzu qısa müddət ərzində xəstəliklə əlaqədar vəziyyətə uyğunlaşdıra bildik. Həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir”.

Qeyd olunub ki, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Yaxın gələcəkdə alınacaq yeni laboratoriyalar imkan verəcək ki, daha da böyük sayda testlər keçirilsin. Bütövlükdə laboratoriyaların sayını 45-ə çatdırmalıyıq. Bu yaxınlarda ölkəmizə yeni təcili tibbi yardım maşınları gətirilib. Yüz maşının gətirilməsi nəzərdə tutulur, onlardan 40-ı artıq Bakıdadır. Bu maşınlar bütün bölgələrə göndəriləcək.

Dövlət başçısı qeyd edib ki, mövcud vəziyyətdə həkimlərin sayının artırılması ilə əlaqədar təbii çətinliklər var: “Bir neçə ölkədən həkimlər dəvət edildi və onlar Azərbaycanda xəstələrin müalicəsi ilə məşğuldurlar. Türkiyədən, Rusiyadan, Kubadan, İtaliyadan və Çindən həkim briqadaları Azərbaycana gəlmiş və artıq fəaliyyətə başlamışlar. Bu da, əlbəttə ki, bizə əlavə imkanlar yaradır. Çünki həm bu ölkələrdə səhiyyə sahəsi inkişaf etmiş sahədir, orada təcrübə yüksək səviyyədədir və əlbəttə, həm xəstələrin müalicəsi, həm də təcrübə mübadiləsi məsələləri burada kompleks şəkildə həll olunur”.

O ki qaldı, iqtisadi və sosial məsələlərə, dövlət başçısı bu sahədə görülən tədbirlərlə bağlı bir sıra məqamları diqqətə çatdırıb: “Biz təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır. 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu.

Altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunubdur. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin”.

Prezident vurğulayıb ki, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması ölkəmizin gəlirlərinə çox mənfi təsir göstərsə də, nəzərdə tutulmuş bir dənə də olsun sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib. Bu il 7 mindən çox köçkün ailəsi, 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcək. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Bütövlükdə 9 minə yaxın ailəyə dövlət tərəfindən mənzillər veriləcək: “Bu, bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün bunlar reallıqdır və bu reallığı biz özümüz yaradırıq, heç kimdən yardım almadan, maliyyə dəstəyi almaq üçün heç bir beynəlxalq maliyyə qurumuna müraciət etmədən”.

Dövlət  başçısı qeyd edib ki, mövcud vəziyyətdə büdcəyə düzəlişlər edilir. Bu da Azərbaycan dövlətinin istənilən böhrana hazır olduğunu göstərir. Çünki biz elə bir möhkəm təməl yaratmışıq ki, istənilən böhranla əlaqədar öz düzgün addımlarımızı atırıq və neftin qiyməti hətta 35 dollar səviyyəsində olsa belə, Azərbaycan bütün sosial öhdəlikləri yerinə yetirəcək.

Müşavirədə Baş Nazir Əli Əsədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış ediblər.

Baş Nazir xüsusi karantin rejiminin avqustun 5-dən qismən yumşaldılması barədə danışaraq bildirib ki, Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür.

Müşavirədə yekun nitqi söyləyən Prezident İlham Əliyev qeyd edib ki, müsbət dinamika, əlbəttə ki, indi karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. Açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Çünki yumşalma bir çox ölkələrdə xəstəliyin yenidən geniş vüsət almasına gətirib çıxarır.

Dövlət başçısı eyni zamanda postpandemiya dövrünə hazırlıq barədə danışıb: “Heç kim deyə bilməz ki, postpandemiya dövrü nə vaxt başlayacaq. Ancaq hər halda, biz buna da hazır olmalıyıq. Yeni fəaliyyətə başlayan biznes sahələri dövlətin dəstəyini nəzərə alaraq gərək artıq öz gələcək planlarını elə qursunlar ki, ölkənin ümumi iqtisadiyyatında canlanma daha da tez baş versin. Sahibkarlara dəstək bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada göstəriləcəkdir. Sahibkarlar tərəfindən də təqdim edilən layihələr gərək real bazarı nəzərə alsın, həm daxili bazarı, həm xarici bazarı”.

Prezident bu xüsusda pandemiyadan böyük zərər görən turizm sektorunda, yumşalma rejimi çərçivəsində daxili turizmin inkişafı, təşviq edilməsi ilə əlaqədar tədbirlər planının  hazırlanmasının vacibliyini vurğulayıb.

Dövlət başçısı sonda bir daha qeyd edib ki, karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq: “Amma əgər vətəndaşlar görsələr ki, artıq hər şey açılıbdır, yenə də bütün bu məsafəyə, qoruyucu vasitələrə əhəmiyyət verməyəcəklərsə, onda xəstəlik yenidən alovlanacaq... Ona görə bütün Azərbaycan vətəndaşlarına bir daha müraciət edirəm ki, məsuliyyətli olun. Bu, çox ağır xəstəlikdir. Bu, dünya üçün çox ciddi problemdir, bu gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamımız məsuliyyətli olmalıyıq”.