Avqustun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yeni parkda yaradılacaq şərait barədə məlumat verib. Bildirib ki, layihə dörd hektar ərazini əhatə edir. Park şərti olaraq bir neçə zonaya bölünüb. Meşə zonası parkın təxminən 70 faizini əhatə edir. Bundan əlavə, uşaq meydançası, fitnes və kafe zonaları var. Parka altı giriş nəzərdə tutulub və əsas girişin qarşısında avtodayanacaq təşkil ediləcək. Parkın ərazisində kiçik memarlıq formalarından istifadə etmək üçün memarlar tərəfindən bəzi təkliflər hazırlanır.

Prezident İlham Əliyev bir müddət əvvəl bu ərazinin yaxınlığında yerüstü keçidin açılışında iştirak etdiyini və o zaman burada yerləşən bu binaların əsaslı şəkildə təmir olunması, həmçinin vətəndaşlar üçün istirahət parkının salınması barədə tapşırıq verdiyini diqqətə çatdırıb. Dövlət başçısı vurğulayıb ki, burada hündürmərtəbəli binalarda minlərlə insan yaşayır və parkın salınmasında təbii landşafta maksimum üstünlük verilməlidir.

Görüləcək işlərə nə qədər vaxt lazım olacağı barədə suala cavabında Eldar Əzizov layihəni noyabrın sonuna kimi tamamlamağa çalışacaqlarını deyib. Prezident bildirib ki, əgər bu iş ilin sonuna qədər başa çatsa, park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər.

Yaxınlıqdakı çoxmərtəbəli binanın sakinləri mənzillərinin eyvanlarından dövlətimizin başçısını və xanımını salamlayıblar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni parkda görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini veriblər.