“Yaşlek” Azərbaycan Tatar Gəncləri Mərkəzi Azərbaycan Silahlı Qüvvələrinə dəstək aksiyası keçirəcək.

Mərkəzdən verilən məlumata görə, tatar diasporunun üzvləri arasında Azərbaycan Ordusuna göndərilmək üçün isti geyim əşyaları, dava-dərman və gigiyena vasitələri toplanması aksiyası elan edilib.

Azərbaycan Tatar Gəncləri Mərkəzindən deyiblər: “Tatarlar fəalların çağırışına böyük ruh yüksəkliyi ilə qoşulublar. İnsanlar geyim əşyaları və dava-dərmanla bərabər cəbhədə vuruşan döyüşçülərimizə hədsiz təşəkkür bildirən səmimi məktublar da gətirirlər”.