Noyabrın 10-u Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızı şanlı Qələbə xəbəri ilə sevindirdi.  44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi.

27 ildir doğma yurdlarından didərgin düşən, hazırda Abşeron rayonunun Ceyranbatan qəsəbəsində məskunlaşan Şirinovlar ailəsi qələbə xəbərini sevinc göz yaşları ilə qarşıladılar. Biz də ailəyə qonaq olduq, sevinclərini bölüşdük.

Füzulidən olan Bahadur Şirinov şəhərdə yarım qalan uşaqlıq xatirələrini dilə gətirdi: “Füzulidən çıxanda 17 yaşım vardı. İşğaldan sonra Sumqayıta gəldik, 10 ilə yaxın burada qaldıq. 2003-cü ildə ailə həyatı qurandan sonra Abşeron rayonunda məskunlaşmışam. Orada oxuduğum məktəb, evimiz, həyətimiz gözümün önündədir. Bu 27 ildə bütün xatirələrim yarımçıq qaldı. Lakin Füzulinin azad edilməsi xəbəri bu xatirələrə sanki bir can verdi. Bu zəfər nəticəsində şəhidlərimizin qisası da alındı. Bizlərə bu sevinci yaşatdığına görə Ali Baş Komandan İlham Əliyevə və Ordumuza təşəkkür edirəm”.

Müsahibim söyləyir ki, Füzuliyə qayıdanda ilk olaraq oxuduğu məktəbin yerinə baş çəkəcək: “Füzulidə 2 saylı məktəbdə oxumuşam. Şəhərdə Quruçay deyilən ərazi vardı. Orta məktəbdə oxuyan vaxt sinif yoldaşlarımla birgə tez-tez ora gedərdim. Füzuliyə qayıdan zaman yenə o yerləri görəcəyəm. Babam və nənəm orada vəfat edib. Şəhərə qayıdandan sonra məzarlarını ziyarət edəcəyəm”.

Zəngilan şəhərindən olan ailənin xanımı Zəminə Şirinova isə söylədi ki, doğma yurdunun azad olunması xəbərini sevinc göz yaşları ilə qeyd edib: “Ali Baş Komandan bu xəbəri açıqlayanda hiss etdim ki, həyatımda ilk dəfə belə bir sevinc hissi yaşayıram. Bu gözəl hisslərə görə rəşadətli Ordumuza təşəkkür edirəm. Ölkə rəhbərimiz öz qətiyyətli siyasəti ilə nəinki cəbhədə, eləcə də bu günlər ərzində müxtəlif ölkələrin televiziyalarına, informasiya agentliklərinə müsahibələrində tutarlı tarixi faktlarla bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! Bir daha bütün dünya gördü ki, Azərbaycan bir yumruq kimi birdir və bu birliyə görə, gözəl hisslərə görə deyirəm ki, yaşasın cənab Prezident, var olsun qüdrətli Ordumuz”!

Zəminə xanım vurğuladı ki, ailədə 4 bacı bir qardaş olublar. Zəngilandan çıxanda isə atası rəhmətə gedib: “İndi bir arzum var ki, övladımın toy şənliyini ata-baba yurdumda edim. Çox şükür ki, bu istəyim artıq gerçəkləşir”.

***

Cəbrayıl rayonunun Dəcəl kəndinin işğaldan azad edilməsi xəbərinə sevinən Quliyevlər ailəsi də müvəqqəti məskunlaşdığı Sumqayıt şəhər Yeni Yaşıllaşdırma qəsəbəsindən öz doğma yurdlarına qayıdacağı günü səbirsizliklə gözləyir.

Ailənin başçısı Zahid Quliyev Cəbrayıl rayonunda keçən gənclik illərinin ən gözəl xatirələr kimi yaddaşında qaldığını deyir: “Kəndimiz işğal olunanda 36 yaşım var idi. Gəncliyim o gözəl yerlərdə keçib. Həmin illər yaddaşımda ən gözəl xatirələrlə qalıb. Uzun illərdir doğma yurdumuzun həsrəti ilə yaşamışıq. Artıq bu həsrətə son qoyulur. Səbirsizliklə gözlədiyimiz bu xəbəri eşidəndə bayram elədik. Sevinirəm ki, övladlarımla ata yurduma qayıdacağıq, nəvələrim o torpaqlarda böyüyəcək. Bu sevinci bizə bəxş edən Prezidentimizə və Ordumuza minnətdaram”.

Müsahibim bildirir ki, kəndə qayıdanda ilk olaraq yaxınlarının məzarlarını ziyarət edəcək: “Kənddən çıxan vaxtı bir müddət Sabirabad rayonunun Ulacalı kəndində məskunlaşdıq. Atam Sabirabadda vəfat etdi. Anamın və nənəmin qəbri isə Cəbrayıldadır”.

Ailənin xanımı Sara Quliyeva 27 ildir bu şad xəbəri gözlədiklərini bildirib: “Allaha şükürlər olsun ki, bizə bu günləri görməyi nəsib etdi. Heç vaxt ümidimizi itirmədik. Daima ölkə başçısına güvəndik. Doğma torpağa qayıdacağımız günü səbirsizliklə gözləyirik”.

Sara xanım söyləyir ki, 27 il keçməsinə baxmayaraq kəndlərinin hər biri yolu, cığırı yaddaşında qalıb: “Üstündən illər ötsə də, onları unutmaq mümkün deyil”.

NURƏDDİN