2009-cu ilin 20 yanvar günü... Sənət-peşə ömründə yüzlərlə, minlərlə hadisəni, həyat anını fotoobyektivin yaddaşına köçürmüş Oqtay Aydın oğlu Məmmədovun ürəyi həmin gün dayandı. İş başında, fotolaboratoriyada... Şəhidlər xiyabanında növbəti çəkilişdən gəlmişdi.. Stop-kadr! Bu dəfə çəkiliş deyil, bir ömür bitdi... 58-ci ilində...

Oqtay Aydınoğlu 1990-cı ildən həyatını “Azərinform”la – indiki AZƏRTAC-la bağlamışdı. 1998-ci ildən agentliyin Fotoinformasiya baş redaksiyasına rəhbərlik edirdi. Həmin illər ərzində Oqtay Azərbaycanda baş verən gərgin və mühüm hadisələrin təkcə canlı şahidi yox, həm də fotosalnaməçisi idi. O, ümummilli lider Heydər Əliyevin, son illərdə isə Prezident İlham Əliyevin çoxsaylı səfərləri zamanı AZƏRTAC-ın fotomüxbiri kimi çəkilişlər aparırdı. Oqtayın fotoları təkcə respublika mətbuatında yayılmırdı. Xarici informasiya agentlikləri də tez-tez ondan müxtəlif mövzularda fotoşəkillər sifariş edirdilər.

Səmimi insan, sədaqətli dost, gözəl ailə başçısı idi. Həmişə deyib-gülən Oqtayın çoxsaylı səfərlərlə bağlı, özünün və yol yoldaşlarının rastlaşdığı qəribə hadisələr barədə yumorla dolu şirin söhbətləri, heç kimin qəlbinə toxunmayan şux zarafatları hamıda xoş ovqat yaradırdı. Eyni zamanda, o, çox həssas qəlbli idi, haqsızlığı, kobudluğu, ədəb-ərkandan kənar hərəkətləri heç cür qəbul etmir, belə hallarla rastlaşanda etirazını, narazılığını gizlədə bilmirdi.

Peşəkarlığı dövlət tərəfindən də yüksək qiymətləndirilmiş, Əməkdar mədəniyyət işçisi fəxri adına və “Tərəqqi” medalına layiq görülmüşdü.

Mərhum fotojurnalistin yolunu oğlu Aydın davam etdirir.

Allah rəhmət eləsin.