2020-ci ilin fevral ayında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) tərəfindən “Qarabağ: Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsi çərçivəsində elan olunmuş “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsinə yekun vurulub.

Azərbaycan və Özbəkistandan müsabiqəyə təqdim olunan şeirlərin müəlliflərinə AMM-nin fəxri diplomları, pul mükafatları təqdim ediləcək.

Müsabiqənin birinci mükafatına Azərbaycanın İsmayıllı rayonunun Diyallı kənd müəllimi, şair Oktay İsmayıllının "Mələklərin soyqırımı" və Özbəkistanın "Kitab dünyası" qəzetinin baş redaktoru, şairə, tərcüməçi Xasiyyət Rüstəmin "Adı Lalə idi o qızın" poemaları layıq görülüb. Qeyd edək ki, Oqtay İsmayıllı 2020-ci il mayın 21-də, 65 yaşında dünyasını dəyişib.

Müsabiqənin qalibləri sırasında Azərbaycandan gənc şair Tural Turan, şair İbrahim Yusifov, şairə-yazar Mina Rəşid, Özbəkistan Yazıçılar Birliyinin üzvləri Faroqat Xudoyqulova, Athambek Alimbekov, şairə-tərcüməçilər Qulzira SharipovaI,  Dilorom Murotova və Uktamoy Xaldarova da var. Bundan başqa, Azərbaycan Fərid Hüseyn və Şahməmməd Dağlaroğlu müsabiqənin xüsusi mükafatçıları da seçilib.

Müsabiqə çərçivəsində hər iki ölkədən müəlliflərin seçmə şeir və poemaların toplu halında nəşri planlaşdırılıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qeyd edib ki, Vətən müharibəsindən öncə elan edilən müsabiqəyə təqdim olunmuş şeirlərdə daha çox Qarabağın təbiəti, Azərbaycan xalqının Qarabağda yaratdığı mədəniyyət, ədəbiyyat, xalqımızın məruz qaldığı təcavüz və işğal öz əksini tapıb. Samir Abbasov bu il Azərbaycanın Vətən müharibəsi və qazandığı Zəfərə həsr olunmuş şeir müsabiqəsinin də elan ediləcəyini bildirib.