Çoxları onu “Uşaqlığın son gecəsi” filmində yaratdığı Məcnun obrazı ilə xatırlayır. Özünəməxsus davranışı, xarizmatik görünüşü ilə diqqəti çəkən Məcnun. Bəli, düz xatırladınız, Xalq artisti Xosrov Abdullayevdən söz açıram. Bu il 95 yaşı tamam olan mərhum sənətkar rol aldığı filmlərdə də yadda qalıb. Amma o, aktyorluqdan öncə tanınmış sirk artisti idi.

Xosrov Abdulla oğlu Abdullayev 1926-cı ilin 29 yanvarında Şamaxıda anadan olub. 1942-ci ildə Moskvadakı Dövlət Sirk Sənəti Məktəbini bitirib. Dövrün məşhur jonqlyorlarından olan aktyor 30 ildən artıq bu sahədə fəaliyyət göstərib. 1977-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. “Uşaqlığın son gecəsi”, “Cəsurlar meydanı”, “O qızı tapın”, “Sirk meydançası” və s. filmlərdə çəkilib.

Aktyor öz xatirələrində sirk sənətinə gəlişini vaxtilə Şamaxıda məhəllələrinə gələn bir dilənçinin göstərdiyi hiyləgərlik nömrəsindən təsirlənməsi ilə əlaqələndirib: “Sonralar bunun hədsiz sadə olduğunu başa düşmüşdüm. Lakin o zaman necə həvəslənmişdimsə, 13 yaşımda birbaşa Moskvaya – sirk məktəbinə üz tutmuşdum. Qəbul komissiyasını necə inandırmağa çalışdığımı, özünəinamla, kələ-kötür rus dilimlə onları necə yorduğumu gözəl xatırlayıram. Fokusu bacardığımı sübut etmək üçün onlara mənə, heç olmasa, bircə diri toyuq verin deyə yalvarırdım...”.

İlk sərbəst sirk artisti kimi fəaliyyətə başlamasında kloun jonqlyor Aleksandr Karaşkeviçlə görüşün böyük rolu olur. O öz köhnə rekvizitlərini Xosrova hədiyyə edir və bu rekvizitlər ona şəxsi çıxışını hazırlamaqda kömək edir. Xosrov Abdullayevin istedadı tez bir zamanda diqqət çəkir və 1953-cü ildə ən məşhur sirk ustalarından bəhs edən “Cəsurlar meydanı” filminə (rejissorlar – S.Qurov, Y.Ozerov) dəvət edilir. Moskvada yaşamasına baxmayaraq, milli ənənələri unutmur. 1954-cü ildə milli xüsusiyyətləri əks etdirən nömrə ilə çıxış edir, tamaşaçılarda maraq yaratmağa nail olur.

Yaraşıqlı görünüşü və artistizmi onun sənətinin uğur açarı idi. Xosrov Abdullayev “Karandaş” ləqəbli kloun, SSRİ Xalq artisti Mixail Rumyantsevlə tərəf-müqabil olmaqla bərabər, məşhur illüziya ustası Emil Kionun assistenti kimi çıxış edirdi.

Xosrov Abdullayev həyat yoldaşı, Rusiya və Azərbaycanın Əməkdar artisti Lidiya Abdullayeva ilə dünyanın 50-dək ölkəsində çıxış edib. Onların haqqında 1974-cü ildə “Xosrov və Lidiya Abdullayevlər”, 1978-ci ildə isə “Sirk mənim həyatımdır” filmləri lentə alınıb. Asiyadan başlayaraq Afrika və Avropa tamaşaçıları bu cütlüyü temperamentlərinə, çılğınlıqlarına və əsrarəngiz bacarıqlarına görə heyranlıqla alqışlayırdı. Qeyd etmək yerinə düşər ki, Lidiya Abdullayeva sirkdə çıxışına qədər məşhur “Beryozka” ansamblının üzvü olmuşdu. 1976-cı ildə cütlük “Sirk bu gün” kollektivini və “İllüziya revyüsü” adlı attraksionu yaradır. Bu, dünya sirk sənətində bir hadisə idi. Çünki kollektiv sirklə sənətin bir çox növlərinin sintezini yaratmışdı. Xosrov Abdullayev müsahibələrinin birində belə deyirdi: “Sirk və digər sənət növlərinin sintezi nəinki bu günün, deyərdim ki, sabahın sirkidir. Özümü illüziya janrında sınamaq, bu janrda öz yolumu tutmaq uzun illər məni düşündürürdü. İllüziya məni daha geniş nömrələr və daha canlı obrazlar yaratmağa sövq edirdi...”. Xosrov Abdullayevin yaratdığı sirk kollektivi haqqında SSRİ-nin sirk sənətinə dair bir sıra nəşrlərində məlumatlar yer alıb. Onun sənəti və sənətə gətirdiyi yeniliklər geniş təhlil edilərək yüksək qiymətləndirilib.

Xalq artisti Xosrov Abdullayev 1980-ci il martın 31-də Novosibirskdə (Rusiya), həyat yoldaşı Lidiya Abdullayeva isə 2012-ci ildə vəfat edib. Hər ikisi Moskvada dəfn olunub.

Lalə AZƏRİ