Azərbaycan

 

10 fevral 1828 – Rusiya ilə İran arasında müharibənin (1826-1828) yekunlarına dair Türkmənçay (Təbriz yaxınlığında kənd) müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilib. Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsi başa çatıb.

10 fevral 1918 – Yazıçı Cəmşid Cabbar oğlu Əmirov (1918 - 29.12.1982) Naxçıvan şəhərində anadan olub. Detektiv əsərlərin müəllifidir: “Brilyant məsələsi”, “Sahil əməliyyatı” (əsər əsasında “İstintaq davam edir” filmi çəkilib), “Qara “Volqa” və s.

10 fevral 1927 – Ədəbiyyatşünas, Əməkdar elm xadimi Cahangir Vahid oğlu Qəhrəmanov (1927-1995) Qəbələdə doğulub.

10 fevral 1928 – Əməkdar artist, vokalçı Cavanşir Qafarağa oğlu Qafarov (1928-1994) Gədəbəydə anadan olub. Opera və Balet Teatrında çalışıb.

10 fevral 1931 – Tanınmış müğənni Anatollu Mirzə Heydər oğlu Qəniyev (1931 – 1.10.1985) Neftçala rayonunda doğulub. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

 

11 fevral 1914 – Xalq artisti Rəmziyyə Osman qızı Veysəlova (1914 – 23.8.1993) Bakıda doğulub. Gəncə Dövlət Dram Teatrının aktrisası olub.

11 fevral 1920 – Ədəbiyyatşünas, AMEA-nın müxbir üzvü Əziz Mirfeyzulla oğlu Mirəhmədov (1920-2003) Bakıda anadan olub. Üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin müəlliflərindən biridir.

11 fevral 1929 – Tarixçi alim, Əməkdar elm xadimi, akademik Tofiq Qasım oğlu Köçərli (1929 – 31.10.2007) anadan olub.

11 fevral 1930 – Mədəniyyət xadimi, Prezident təqaüdçüsü Gülara Cəfər qızı Cabbarlı (1930-2018) Bakıda anadan olub. C.Cabbarlının Bakıdakı ev-muzeyinin direktoru işləyib.

11 fevral 1950 – Tanınmış pianoçu, bəstəkar Cahangir Mürsəl oğlu Qarayev (1950 – 15.1.2013) Bakıda anadan olub. “Fortepiano sonatası”, fortepiano pyeslərinin müəllifidir. Bakı Musiqi Akademiyasında dərs deyib.

11 fevral 1981 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sənani (Möhsün Sadıq oğlu Cəfərov; 19.6.1900 - 1981) vəfat edib. Tiflisdəki Azərbaycan teatrında çıxış edib. 1921-ci ildə Bakıya gələrək Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Filmlərdə çəkilib.

11 fevral 2012 – Xalq artisti, tanınmış bəstəkar Elza İmaməddin qızı İbrahimova (10.1.1938 – 2012) vəfat edib. “Yanan laylalar” operasının (libretto – Ramiz Heydər), populyar mahnı və romansların müəllifidir.

 

12 fevral 1911 – Məşhur tarzən, Xalq artisti Bəhram Məşədi Süleyman bəy oğlu Mənsurov (1911 – 14.5.1985) Bakıda doğulub. 1932-ci ildən Dövlət Opera və Balet Teatrının solisti və konsertmeysteri olub.

12 fevral 1912 – Memar, AMEA-nın müxbir üzvü Ənvər Əli oğlu Qasımzadə (1912 – 12.3.1969) anadan olub.

12 fevral 1921 – Məşhur aktyor Əbülhəsən Anaplı (Məmmədov; 1894, Quba – 1921) vəfat edib. Hacıbəyli qardaşlarının teatr truppasının aparıcı artistlərindən olub.

12 fevral 1923 – Şair, dramaturq İslam Əhməd oğlu Səfərli (1923 – 6.11.1974) Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şəkərabad kəndində doğulub. “Göz həkimi”, “Ana ürəyi”, “Yolayrıcı” və s. pyeslərin müəllifidir. Şeirlərinə mahnılar bəstələnib.

12 fevral 1933 – Heykəltəraş, Əməkdar rəssam Elmira Mehralı qızı Hüseynova (1933 – 23.1.1995) anadan olub. Həsən bəy Zərdabi (Bakı), Cəfər Cabbarlı (Sumqayıt) və başqa görkəmli şəxslərin abidələrinin müəllifidir.

12 fevral 1933 – Xanəndə, Əməkdar artist Mais Qurban oğlu Salmanov (1933 – 25.7.2008) Şəmkir rayonunun Morul kəndində doğulub. Opera və Balet Teatrının solisti olub.

 

Dünya

 

10 fevral 1890 – Rus şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1958) laureatı Boris Leonidoviç Pasternak (1890-1960) anadan olub.

10 fevral 1898 – Alman dramaturqu, rejissor və teatr nəzəriyyəçisi Bertold Brext (Eugen Berthold Friedrich Brecht; 1898-1956) anadan olub.

 

11 fevral 1894 - Rus yazıçısı, uşaqlar üçün populyar hekayə və nağılların müəllifi Vitali Valentinoviç Bianki (1894-1959) anadan olub.

11 fevral 1900 – Alman filosofu Hans-Georq Qadamer (Hans-Georg Gadamer; 1900-2002) anadan olub.

 

12 fevral 1865 – Polyak şairi, yazıçı və dramaturq Kazimej Pşerva-Tetmayer (1865-1940) anadan olub.

12 fevral 1881 – Dünya şöhrətli balerina, SSRİ Xalq artisti Anna Pavlovna Pavlova (1881-1931) anadan olub.

Hazırladı:  Vüqar ORXAN