Rusiya Federasiyası Başqırdıstan Respublikasının Dövlət Opera və Balet Teatrına dünya şöhrətli balet ustası Rudolf Nureyevin adı verilib. Başqırdıstanın mədəniyyət naziri Amina Şafikova adın rəmzi nişanını teatrın kollektivinə təqdim edib.

Teatrın bədii rəhbəri Leonora Kuvatova adın verilməsini yüksək dəyərləndirib, bunun kollektiv üçün böyük məsuliyyət olduğunu bildirib.

Əlamətdar hadisə münasibətilə teatrın səhnəsində Adolf Adanın “Jizel” baleti nümayiş olunub. Rudolf Nureyev ilk dəfə bu tamaşada Albert rolunda səhnəyə çıxaraq görkəmli rus balerinası İrina Kolpakova ilə oynadığı duetlə seyrçiləri ovsunlamışdı.

Tatar əsilli balet artisti Rudolf Nureyev 1938-ci ildə anadan olub. Atası Hamit Nureyev Ufadan, anası Farida Alliullova Kazandan idi. Əfsanəvi balet artisti öz tərcümeyi-halında valideynlərindən bəhs edərkən həm ata, həm də ana tərəfdən başqırd qohumlarının da olduğunu qeyd etmişdi. Odur ki, Rudolf Nureyevi Başqırdıstanda da özlərinə əziz sayırlar. Yeri gəlmişkən, Başqırdıstan Xoreoqrafiya Məktəbi də onun adını daşıyır. 

Rudolf Nureyev Leninqrad (Sankt-Peterburq) Xoreoqrafiya Akademiyasında təhsil alıb. Leninqrad Opera və Balet Teatrının solisti olub. 1961-ci ildə Parisə qastrol səfəri zamanı siyasi sığınacaq alaraq bir daha SSRİ-yə qayıtmayıb. Bundan sonra sənətkarın Fransada uğurlu sənət karyerası başlanır. O, Paris Operasının balet truppasına rəhbərlik edir. 17 il tanınmış ingilis balerinası Marqo Fonteyn ilə duetdə çıxış edir. Ömrünün sonlarına yaxın dirijorluqla da məşğul olan Rudolf Nureyev rəssamlıq əsərləri və incəsənət nümunələrinin kolleksiyaçısı kimi də tanınıb.

Fransada balet həvəskarlarının qəlbini fəth edən sənətkar 6 yanvar 1993-cü ildə vəfat edib və Parisdə dəfn olunub. Britaniyalı rejissor Reyf Fayns onun haqqında “Ağ qarğa” adlı film çəkib.

İtaliyalı memar və rəssam Ezio Frigerio R.Nureyevin qəbirüstü abidəsini hazırlayıb. 1996-cı ildə mozaika texnikalı abidənin açılışı keçirilib. Memar sənətkarın sevdiyi Şərq xalçaları əsasında hazırladığı memorial abidəni kiçik rəngli daşlarla işləyib. Memorial abidə dünyada bu qəbildən yeganə nümunə hesab olunur.

Hazırladı: Lalə AZƏRİ