Azərbaycan

24 fevral 1864 – Mütəfəkkir, yazıçı-publisist, şair, rəssam Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə (1864 – 17.03.1940) Salyanda doğulub. Bakıda “Həyat” qəzetinin, “Füyuzat” jurnalının redaktoru olub. 1910-cu ildən Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Ə.Hüseynzadənin “türkçülük, çağdaşlıq, islam” fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edir.

24 fevral 1881 – Görkəmli şair, yazıçı Abdulla Şaiq (Abdulla Mustafa oğlu Talıbzadə; 1881 – 24.7.1959) anadan olub. Azərbaycan uşaq ədəbiyyatına böyük töhfələr verib. “Gülzar”, “Milli qiraət kitabı” və s. dərsliklər, uşaqlar üçün pyeslər yazıb, ali məktəblərdə ədəbiyyat tarixindən dərs deyib.

24 fevral 1922 – Teatrşünas, sənətşünaslıq namizədi Adilə Mirzə qızı İsmayılova (1922 – 24.11.1985) Bakıda anadan olub. Azərbaycan Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) prorektoru işləyib.

24 fevral 1933 – Tanınmış aktyor Bahadur Atabala oğlu Əliyev (1933-2002) Masallı rayonunun Sığıncaq kəndində anadan olub. “Ulduz”, “Böyük dayaq” və s. filmlərdə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib.

24 fevral 1934 – Xalq rəssamı, professor Cəmil Mir Yusif oğlu Müfidzadə (1934 – 20.12.2019) Naxçıvan MR Ordubad rayonunda anadan olub. “İçərişəhər”, “Abşeron nefti”, “Xınalıq”, “Misir təəssüratları” və s. silsilə əsərlərin müəllifidir.

24 fevral 1944 – Əməkdar incəsənət xadimi, rejissor Tariyel Təyyar oğlu Vəliyev (1944 – 24.4.2012) İmişli rayonunda doğulub. Azərbaycan Televiziyasında məşhur tamaşalara (“Səni axtarıram”, “Yaşıl eynəkli adam”, “Evləri köndələn yar” (R.Həsənoğlu ilə birlikdə) və s. quruluş verib.

 

25 fevral 1910 – Tanınmış rəssam Rüstəm Məmmədhənifə oğlu Mustafayev (1910 – 19.7.1940) anadan olub. Azərbaycanda teatr-dekorasiya sənətinin yaradıcılarından sayılır. “Koroğlu” operasının ilk quruluşunun (1937) bədii tərtibatını verib. Bakı Türk İşçi,  Akademik Dram teatrlarında çalışıb. Milli İncəsənət Muzeyi rəssamın adını daşıyır.

 

26 fevral 1892 – Məşhur musiqiçi Leopold Vitoldoviç Rostropoviç (1892 - 31.7.1942) Rusiyanın Voronej şəhərində doğulub. 1925-ci ildə ailəsi ilə Bakıya köçüb, 1931-ci ilədək burada yaşayıb, Azərbaycan Dövlət Konservatoriyasının professoru kimi pedaqoji fəaliyyət göstərib. Azərbaycanda ilk simli kvartetin yaradıcılarından biri olub.

26 fevral 1927 – Aktyor, rejissor, teatr təşkilatçısı Ələkbər Süheyli (Ələkbər Fərəculla oğlu Əliyev; 1879-1927) vəfat edib. Akademik Dram Teatrında, Bakı Türk İşçi Teatrında çalışıb. Milli aktrisaların olmadığı illərdə qadın rollarını oynayıb.

26 fevral 1992 – Erməni silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı soyqırımı törədiblər. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib.

 

Dünya

24 fevral 1786 – Alman yazıçısı, folklorşünas-filoloq Vilhelm Qrim (Wilhelm Karl Grimm; 1786-1859) anadan olub. Qardaşı Yakob Qrim (1785-1863) ilə birlikdə alman nağılları toplusunu tərtib ediblər.

24 fevral 1906 - Sovet kinorejissoru, Rusiyanın Xalq artisti Aleksandr Rou (1906-1973) anadan olub. Məşhur nağıl filmlərinə (“Ölməz Kaşşey”, “Büllur başmaq” və s.) quruluş verib.

 

25 fevral 1707 – İtalyan dramaturqu Karlo Qoldoni (Carlo Goldoni; 1707-1793) anadan olub. 200-dən çox pyes yazıb.

25 fevral 1841 – Fransız rəssamı, qrafik və heykəltəraş, impressionizmin banilərindən biri Pyer Ogüst Renuar (Pierre-Auguste Renoir; 1841-1919) anadan olub.

25 fevral 1907 – Türk yazıçısı və şairi Səbahəddin Əli (1907-1948) Ədirnə vilayətində doğulub. “Kuyucaklı Yusif”, “İçimizdəki şeytan” və s. romanların müəllifidir.

 

26 fevral 1564 – İngilis şairi və dramaturqu Kristofer Marlo (Christopher Marlowe; 1564-1593) anadan olub.

26 fevral 1802 – Fransız yazıçısı, şair, dramaturq Viktor Hüqo (Victor-Marie Hugo; 1802 – 22.5.1885) anadan olub. “Səfillər”, “Gülən adam”, “Paris Notr-Dam kilsəsi” və s. romanların müəllifidir.

Hazırladı:  Vüqar ORXAN