TÜRKSOY-da dahi Azərbaycan şairinin 880 illiyinə həsr olunmuş kitab və rəsm sərgisi

Mədəniyyət naziri TÜRKSOY-da Nizamiyə həsr olunmuş sərginin açılışında iştirak edib, görüşlər keçirib

Martın 2-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Ankarada – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş kitab və rəsm sərgilərinin açılış mərasimi keçirildi.

TÜRKSOY, Azərbaycanın Türkiyədəki Səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə gerçəkləşən tədbirdə əvvəlcə dünya şöhrətli mütəfəkkir şair Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə məlumat verildi.

Mərasimdə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, mədəniyyət naziri Anar Kərimov və səfir Xəzər İbrahim çıxış etdilər.

Nizami Gəncəvinin yaradıcılığını bütün dünya üçün tükənməz ədəbi xəzinə kimi dəyərləndirən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov vurğuladı ki, əsrlər ötdükcə dahi şairin yaradıcılıq nümunələri daha geniş yayılır və sevilə-sevilə oxunur. Nizami “Xəmsə”si ilə təkcə Azərbaycan və türk ədəbiyyatını deyil, bütün dünya ədəbi coğrafiyasını əhatəsinə, təsiri altına almış bir şairdir. Nizaminin irsi türk-müsəlman dünyasında kitab və miniatür sənətlərinin inkişafına da böyük töhfə olub.

Vurğulandı ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi dahi şairin yaradıcılığını müasir dövrün tələblərinə uyğun şəkildə tanıtmaq üçün yeni-yeni imkanlar yaradır. “Nizami Gəncəvi İli” tədbirlərinə  TÜRKSOY tərəfindən dəstək veriləcəyini qeyd edən Düsen Kaseinov əmin olduğunu bildirdi ki, dahi şairin adına layiq tədbirlərin keçirilməsində TÜRKSOY-un qurucu üzvləri Azərbaycana dəstəyini əsirgəməyəcək.

Nizami Gəncəvi irsini, onun tərənnüm etdiyi ideyaları nəsillərə nümunə kimi dəyərləndirən Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim bildirdi ki, bundan əvvəl olduğu kimi, bu gün də, gələcəkdə də biz qardaş xalqlar olaraq bir yerdə öz mənəvi xəzinəmizi dünyaya tanıdacaq və qürur duyacağıq.

Mədəniyyət naziri Anar Kərimov Türkiyəyə səfəri çərçivəsində türk dünyasının mədəniyyətini təbliğ edən və bu sahədə çox işlər görən TÜRKSOY-un qərargahında olmaqdan məmnunluğunu bildirdi. Nazir TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərginin, eləcə də bu il 100 illik yubileyi tamam olan Azərbaycanın görkəmli rəssamı Mikayıl Abdullayevin Nizami irsinə həsr olunmuş əsərlərindən ibarət sərginin təşkilinə görə qurumun baş katibi Düsen Kaseinova, həmçinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncamını xatırladan nazir vurğuladı ki, istər Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, istərsə də TÜRKSOY hər zaman Azərbaycanın görkəmli simalarına, eləcə də Nizami Gəncəvi şəxsiyyətinə diqqət göstərib.

Bütün dünya tərəfindən sevilə-sevilə oxunan Nizami Gəncəvi yaradıcılığının əbədilik qazandığını deyən Anar Kərimov bildirdi ki, Nizami bir çox Avropa klassiklərindən əsrlər öncə ədalət, tolerantlıq, birgə yaşama, humanizm, insan hüquqları, qadın azadlığı kimi bəşəri dəyərləri təbliğ edən əsərlər yaradıb. Vurğuladı ki, Nizami bütün türk dünyasının, bəşəriyyətin dahi şairidir və türk dünyasının belə böyük şəxsiyyətlərinin dünyada daha geniş tanıdılması bizim üzərimizə düşən vəzifədir. Anar Kərimov onu da diqqətə çatdırdı ki, bu il Azərbaycan Mədəniyyət Nazirliyi Nizaminin 880 illiyi ilə bağlı bir sıra ölkələrdə tədbirlər keçirməyi planlaşdırır.

Çıxışlardan sonra tədbir iştirakçıları Azərbaycan Milli Kitabxanasının fondundan Nizami Gəncəvinin əsərləri və onun haqqında nəşrlərdən ibarət kitab sərgisi ilə tanış oldular. Milli Kitabxananın direktoru Kərim Tahirov sərgilənən nadir kitablar barədə məlumat verərək bu nəşrləri kitabxananın incisi kimi dəyərləndirdi.

İştirakçılar həmçinin Xalq rəssamı Mikayıl Abdullayevin Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında yaratdığı rəsmlər və mozaik tabloların, tanınmış rəssam Vaqif Ucatayın “Nizami işığında” tablosunun fotoreproduksiyası və “Xəmsə” motivlərinə çəkilmiş miniatürlərin nümayiş olunduğu sərgiyə baxdılar. Qeyd edək ki, Mikayıl Abdullayevin əsərlərindən ibarət daha bir sərgi martın 3-də TÜRKSOY-un, Azərbaycan Mədəniyyət Nazirliyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İstanbulda – Maltəpə Bələdiyyəsinin Türkan Saylan Mədəniyyət Mərkəzində açılacaq.

Mərasimin bədii hissəsində böyük bəstəkar Üzeyir Hacıbəylinin Nizaminin qəzəllərinə bəstələdiyi məşhur “Sevgili canan” və “Sənsiz” romansları səsləndi.

Açılış mərasiminin sonunda TÜRKSOY-un Baş katibi səfir Xəzər İbrahimə və nazir Anar Kərimova xatirə hədiyyələri təqdim etdi.

Nazir Anar Kərimov isə Düsen Kaseinova Azərbaycanın Vətən müharibəsində Zəfərinin simvolu olan “Xarı bülbül” döş nişanını hədiyyə etdi.

Azərbaycanlı incəsənət xadimləri ilə görüş

Mərasimdən sonra TÜRKSOY qərargahında mədəniyyət naziri Anar Kərimovun Türkiyədə yaşayıb fəaliyyət göstərən bir qrup azərbaycanlı mədəniyyət və incəsənət xadimi ilə görüşü keçirildi. 

Görüşə Xalq artisti, TRT Ankara Radiosu xorunun bədii rəhbəri və dirijoru Elnarə Kərimova, Xalq artisti, rejissor Əflatun Nemətzadə, Əməkdar artist, skripkaçı, Ankara Musiqi və İncəsənət Konservatoriyasının müəllimi Toğrul Qəniyev, rəssam, heykəltəraş Səid Rüstəm, pianoçu, Ankara Universiteti Konservatoriyasının müəllimi Gülər Dəmirova, müğənni,  “O səs Türkiyə” müsabiqəsinin qalibi Elnur Hüseynov, pianoçu Nərminə Qəniyeva, rəssamlar Həmid Əlioğlu (Məhərrəmov), Əli Herisçi, Qazi Universitetinin müəllimi, tarzən Abdulla Qurbani, pianoçu, Ankara Musiqi və İncəsənət Konservatoriyasının müəllimi İlyas Mirzəyev qatılmışdı.

Görüşdə Türkiyədə azərbaycanlı mədəniyyət xadimlərinin fəaliyyəti, qardaş ölkədə, eləcə də dünyada Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği, bu istiqamətdə Azərbaycanın Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq, mümkün layihələr barədə fikir mübadiləsi aparıldı, ortaya çıxan bəzi problemlər və onların həlli yolları barədə danışıldı.

Azərbaycan-TÜRKSOY əlaqələri daha da genişlənəcək

Sonra TÜRKSOY-un Baş katibi Düsen Kaseinov ilə mədəniyyət naziri Anar  Kərimov arasında görüş keçirildi. Görüşdə Azərbaycanın TÜRKSOY-la sıx əməkdaşlıq etdiyi vurğulanaraq gələcək də birgə fəaliyyətlə bağlı fikir mübadiləsi aparıldı.

Nazir bildirdi ki, ortaq mədəni irsimizi dünyaya tanıdan TÜRKSOY bizim üçün dəyərli təşkilatdır. Bundan sonra əməkdaşlığımızın daha da genişlənməsini istəyirik.

TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsindən söz açan D.Kaseinov qeyd etdi ki, gələn ildən təşkilata üzv ölkələrin də dəstəyi ilə bu layihəni hər ildə iki paytaxt olaraq davam etdirmək istəyirlər. Bu cür praktika Avropanın “mədəniyyət paytaxtı” layihəsində də var. Mədəniyyət paytaxtı şəhərlərindən biri türk dünyasının şərqindən, biri qərbindən ola bilər.

Baş katib həmçinin bildirdi ki, TÜRKSOY-un ənənəvi mətbuat ödüllərini bu il Qarabağdan yazan türk dünyası jurnalistlərinə verməyi qərara almışıq. Təklif etdi ki, mükafatlandırma mərasimi Bakıda keçirilsin və mərasimdən sonra Qarabağ ziyarət edilsin.

Nazir Anar Kərimov bu təklifi dəyərləndirəcəklərini söylədi.

Mehparə SULTANOVA
Ankara