Martın 1-də Türkiyə Mədəniyyət və Turizm Nazirliyində görüş və sənədlərin imzalanması mərasimi oldu.

Əvvəlcə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov arasında görüş keçirildi.

Görüşdə iki ölkə arasında mədəniyyətin müxtəlif sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı. Mədəniyyət üzrə ilk Birgə Komissiyanın iclasının əhəmiyyəti, mədəni irs, kitab və nəşriyyat, muzey, kino sənayesi, incəsənət, qeyri-maddi mədəni irs və s. istiqamətlərdə birgə fəaliyyətin vacibliyi vurğulandı.

Nazir Nuri Ersoy 44 günlük Vətən müharibəsindəki Qələbə münasibətilə Azərbaycan xalqını təbrik etdi. Nazir Anar Kərimov öz növbəsində Vətən müharibəsində ölkəmizə verilən dəstəyə görə Türkiyə dövlətinə və türk xalqına dərin təşəkkürünü ifadə etdi.

Sonra əməkdaşlıq sənədləri imzalandı.

Mədəniyyət üzrə Birgə Komissiyanın iclasının yekun protokolunu Azərbaycan tərəfdən Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə və Türkiyə tərəfdən Mədəniyyət və Turizm Nazirliyi Kino Müdiriyyətinin rəhbəri Erkin Yılmaz imzaladı.

Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk İşbirliyi və Koordinasiya Agentliyi Başqanlığı (TİKA) arasında əməkdaşlıq memorandumu imzalandı. Sənədə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və TİKA-nın rəhbəri Serkan Kayalar imza atdılar.

Sənədlərin imzalanmasından sonra nazirlər Anar Kərimov və Mehmet Nuri Ersoy mətbuat nümayəndələri qarşısında çıxış etdilər.

Nazir Mehmet Nuri Ersoy diqqətə çatdırdı ki, Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının ilk iclası səmərəli keçib, əlaqələri genişləndirmək üçün faydalı müzakirələr aparılıb. Qeyd etdi ki, Türkiyə “İki dövlət, bir millət” məntiqi ilə dost və qardaş Azərbaycanla, bir çox sahələrdə olduğu kimi, mədəniyyət, incəsənət sahəsində də əməkdaşlığını genişləndirmək əzmindədir. Bu gün vizual sənətdən səhnə sənətinədək, mədəni irsin qorunmasından hər iki ölkə ədəbi əsərlərinin qarşılıqlı şəkildə tərcüməsi və nəşrinədək bir çox sahələri əhatə edəcək fəaliyyətlərə dair razılıq əldə olundu.

Nazir Anar Kərimov bildirdi ki, qardaş ölkələrimiz arasında həm ikitərəfli formada, həm də beynəlxalq təşkilatlar çərçivəsində mədəniyyət sahəsində geniş əməkdaşlıq imkanları mövcuddur. Ortaq dəyərlərimizə əsaslanan bu əməkdaşlıq dövrün tələbi olmaqla bərabər tərəflərin maraqlarını tam şəkildə qane edir.

Nazir vurğuladı ki, mədəniyyət mirasımızın qorunması, inkişaf etdirilməsi, kino sahəsində əməkdaşlığımız, kitabxana və incəsənət sahəsində təcrübə mübadiləsinin aparılması bizim üçün çox önəmlidir. Ortaq tariximizin, mədəniyyətimizin, adət-ənənələrimizin beynəlxalq səviyyədə təbliği xüsusilə əhəmiyyətlidir və bu istiqamətdə fəaliyyəti daha da genişləndirməyə çalışacağıq.

Nazir vəzifəsinə  təyin edildikdən sonra ilk dəfə xarici ölkəyə rəsmi səfərinin Türkiyəyə olduğunu bildirən Anar Kərimov bundan böyük məmnunluq hissi keçirdiyini dedi.

Sonda hər iki nazir əminliklə vurğuladı ki, bundan sonra da mədəniyyətlə bağlı əməkdaşlıqda ortaq fəaliyyət səmərəli nəticələr verəcək.

Mehparə SULTANOVA
Ankara