Məlum olduğu kimi, erməni vandalları otuz il ərzində nəinki Şuşamızı, işğal olunan digər şəhərlərimizi də viran ediblər. Oradakı abidələrimizi, tarixi mədəni irsimizi məhv edib, şəhərləri, binaları və hətta qəbiristanlıqları belə dağıdıblar. Bu da bizi çox məyus edir. Biz hesab edirik ki, bu, bəşəriyyətə qarşı cinayətdir. Təbii ki, biz bunu bütün dünyaya göstərməliyik. Bu il Prezident İlham Əliyev tərəfindən Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan edilib. Ona görə də bizim bugünkü ən əsas vəzifəmiz Şuşamızı, onun tarixi əhəmiyyətini və Azərbaycan mədəniyyətindəki rolunu bərpa etmək, Şuşanın mədəniyyətimizin, musiqimizin beşiyi olduğunu dünyaya bəyan etməkdir.

Mədəniyyət naziri Anar Kərimov bu fikirləri İstanbulda Xalq rəssamı Mikayıl Abdullayevin 100 illiyi münasibətilə təşkil olunan sərginin açılışında jurnalistlərə açıqlamasında bildirib.

İşğaldan azad edilən ərazilərdə mədəni quruculuq işlərinə Şuşadan başlanacağını deyən nazir qeyd edib ki, bu, uzun bir prosesdir: “Hər bir detal hərtərəfli ölçülüb-biçilməlidir. Prezidentimizin də dediyi kimi, biz Şuşanın tarixi simasını qaytarmalıyıq. Bu işdə isə tələsmək olmaz. Şuşanın bərpası müəyyən bir strategiya üzrə aparılacaq və bu kimi tədbirlərimizi məhz Şuşada keçirəcəyik”.

 

Zəfər muzeyi tarixi Qələbəmizin simvoluna çevrilməlidir

 

Bakıda inşa ediləcək Zəfər muzeyi haqqında da danışan nazir artıq muzey binası ilə bağlı işlərə başlanıldığını deyib: “Muzeyin yerləşəcəyi yer, demək olar ki, məlumdur, lakin hələ müzakirələr aparılır. Zəfər muzeyi, adından da göründüyü kimi, bizim Zəfərimizin simvoluna çevrilməlidir. Biz bununla gənc nəsillərimizə əldə edilən bu Qələbəmizin nə qədər ağır, eyni zamanda şərəfli və qürurlu olduğunu çatdırmalıyıq. Bununla bağlı nazirlik olaraq bu sahə üzrə çalışan ekspertlərlə, eləcə də beynəlxalq şirkətlərlə işlərimiz davam edir. Məqsədimiz Zəfər muzeyini təkcə Azərbaycanda deyil, dünyada unikal bir tikiliyə çevirmək və Ali Baş Komandanın rəhbərliyi, onun siyasi iradəsi və qətiyyətli mövqeyi ilə əldə edilən bu şanlı Qələbəmizi dünyaya tanıtmaqdır. Bu Zəfər tək Azərbaycanın deyil, bütün türk dünyasının qələbəsidir”.

 

“Məqsədimiz mədəniyyət sahəsində əməkdaşlığı daha da gücləndirməkdir”

 

Türkiyə səfəri haqqında danışan nazir keçirilən görüşlərdə iki ölkə arasında incəsənət, muzey, kitabxana işi, kino sənayesi və  s. sahələrdə faydalı müzakirələr aparıldığını deyib: “Ankarada da, İstanbulda da bir çox görüşlərimiz oldu. Məqsədimiz Türkiyə ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığı daha da gücləndirmək, yeni bir mərhələyə qaldırmaq və bir çox məsələlər üzrə təcrübə mübadiləsi aparmaqdır. Xüsusilə də kino və kino industriyası sahəsi üzrə birgə layihələr həyata keçirməyi planlaşdırırıq. Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərin Azərbaycanla yanaşı, həm türk dünyasında, həm də beynəlxalq platformada ən yüksək səviyyədə təbliği istiqamətində keyfiyyətli, eləcə də hərtərəfli bir film və serial layihələrimizi türkiyəli qardaşlarımızla müzakirə etdik. Əminəm ki, bu danışıqlar, görüşlər çox faydalı oldu və gələcək əməkdaşlığımıza töhfə verəcək bir başlanğıcdır. Bundan sonra da birgə layihələrimiz türk dünyasının Zəfəri hesab etdiyimiz qələbəmizin geniş auditoriyada və gələcək nəsillər arasında təbliğ olunmasında geniş imkan yaradacaq”.