Maqsud İbrahimbəyovun kitablarının təqdimat mərasimi keçirilib

Azərbaycan və türk xalqları soy-kökü, tarix və mentaliteti ilə nə qədər bir-birinə yaxın olsalar da, bir-birinə doğru uzanan kökləri və mənəvi telləri mümkün qədər çox öyrənməli və bir-birini daha yaxından tanımalıdır.

Bu tanımada ədəbiyyat, ədəbi əlaqələr əsas rol oynayır. Rusca yazmasına baxmayaraq, milli yazıçı olan Maqsud İbrahimbəyovun əsərlərinin bu mənada əhəmiyyəti böyükdür. Ona görə də bu gün onun kitablarının təqdimat mərasimini əlamətdar hadisə hesab edirəm.

Xalq yazıçısı Elçin bu sözləri martın 15-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Xalq yazıçısı Maqsud İbrahimbəyovun kitablarının təqdimat mərasimində söyləyib.

Mərasimdə yazıçının Türkiyədə nəşr olunmuş “Cəhənnəmə sərinlik gəldi” kitabının, eləcə də Azərbaycan, rus, ingilis dillərində çapdan çıxan “Ondan yaxşı qardaş yox idi” kitabları təqdim edilib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təqdimat mərasiminə təşrif gətirən fondun üzv dövlətlərinin səfirlərini və qonaqları salamlayaraq məşhur “altmışıncılar nəsli”nin görkəmli nümayəndəsi olan Maqsud İbrahimbəyovun yaradıcılığı, ədəbi əsərləri haqqında məlumat verib, yazıçının bir çox əsərləri və ssenariləri əsasında maraqlı filmlərin çəkildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Maqsud İbrahimbəyovun yeni çap olunan kitabları onun irsini daha da zənginləşdirəcək.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral çıxış edərək sovet dönəminin iki qardaş xalq arasında xeyli ayrılıqlara səbəb olduğunu qeyd edib: “Sovet gerçəkliyini öyrənmək baxımından Maqsud İbrahimbəyovun bu əsərinin Türkiyədə nəşri çox böyük əhəmiyyət daşıyır. Belə əsərlərlə tanışlıq bizi ayrı salan zamanı, həmin dövrün gerçəkliklərini öyrənmək baxımından da gərəklidir”.

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu sovetlərin “allahsızlıq dövrü”nün mənzərəsini təsəvvür etmək üçün yazıçının yeni çap olunan əsərini oxumağın vacibliyini diqqətə çatdırıb: “Həmin dövrü dərk etmək üçün Elçinin “Ölüm hökmü” əsəri ilə yanaşı, həm də Maqsud İbrahimbəyovun “Cəhənnəmə sərinlik gəldi” əsərini də oxumaq lazımdır. Məhz bu əsərlər sovet dövrünün çətinliklərini bütün qabarıqlığı ilə oxucuya çatdırır”.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov mərhum yazıçı dostunun yaradıcılıq məziyyətləri və sənətkarlıq xüsusiyyətlərindən bəhs edib.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova həyat yoldaşının yaradıcılığına verilən dəyər üçün təşəkkürünü bildirib, nəşr olunan kitabların müəllifə yeni oxucu auditoriyası qazandıracağına inandığını söyləyib.

Təqdimat mərasimində Əməkdar artist Elşən Rüstəmov və aktyor Oleq Əmirbəyov Maqsud İbrahimbəyovun əsərlərindən parçalar oxuyub, musiqi kompozisiyaları səslənib.