Seyran Səxavət: “12 il əvvəl demişdim ki, Qarabağ haqqında ən baş romanı Ali Baş Komandan yazmalıdır. Şükürlər olsun ki, bu fikrim reallığa çevrildi”

Sənət, ədəbiyyat, poeziya zəngin bir dünyadır. Seyran Səxavətin ədəbi irsinə  nəzər saldıqca bu zəngin aləmin yazıçı qələmi ilə nə qədər böyük məhəbbətlə yaradıldığını duyursan. O, sadəcə, nasir, şair, dramaturq, tərcüməçi deyil, öz yazıları ilə insanlarda fikir formalaşdıran ziyalıdır. 75 illik yubileyi ərəfəsində Seyran Səxavətlə Yazıçılar Birliyində görüşdük.

 

– Seyran müəllim, ilk növbədə sizi yubileyiniz və bir qarabağlı kimi  Qələbəmiz münasibətilə təbrik edirəm. Sualımı məşhur şeirinizin bir misrası ilə ifadə edirəm: 75 illik ömürdə nələr istəyirdiniz, nələr itirdiniz?

– Ümumiyyətlə, geriyə baxmaq daha asandır, nəinki irəli baxmaq. Çünki geridən keçib gəlmisən, bələdçiliyin var. İrəli baxmaq mümkün deyil. İrəli, sadəcə, gedirsən. Geriyə baxanda 75 illik bir ömür, uşaqlıq, yeniyetməlik, gənclik, orta yaş və ahıllıq. Bütün bu sadaladığım nöqtələrin arasında bir ömür, bu ömrün içində bir yaradıcılıq, yaradıcılığın içində isə insanlarla bütöv, saf, səmimi bir ünsiyyət var. Bu 75 ilin hamısı sadaladığım bu ünsiyyətə bağlıdır. Bunları bir-birindən ayrı təsəvvür etmək olar, amma yalan olar.

 

– Müsahibələrinizin birində deyirsiniz ki, hər insanın içində bir proqram var. “Mənim içimdə də Seyran Səxavət ssenarisi var. Allahın mənə yazdığı bu ssenarini oxuyuram. Hələ bitməyib. Mən orada baş roldayam”. Bəs baş rolun ifaçısının əsas missiyası nədir bu ömürdə?

– Taleyə qarşı heç vaxt üsyan etmək olmaz. Bu fikir redaktəyə gəlmir. Bəlkə də bu taleyi redaktə etmək olar, amma alınmaz. Bir ssenari ki çəkilmədi, onun bir qara qəpiklik dəyəri yoxdur. İnsanın min cür tərifi var. Birini deyim. İnsan mənim üçün yol deməkdir. Missiyam da bu yolu gəlmək idi.

 

– “Beyin duyğu materialına qarışanda nəsr yazılır” deyirsiniz. Bəs şeir nədən yaranır?

– Şeir beyinsizdir. O, ürəyin məhsuludur. Beyin deyəndə ağıl nəzərdə tutulur. Şeirə ağıl qarışanda o mütləq zədələnir, səmimiyyəti itir. Poeziya ürək materialıdır, nəsr ən çox beyinlə əlaqədardır və hərdən ürəyi də köməyə çağırır. Bəzi verilişlərdə dosta zəng olduğu kimi nəsrdə də hərdən ürəyə ehtiyac olur.

 

– Doğma yurdunuz Füzuli rayonu işğaldan azad edilən gün televiziyada çıxışınızda göyün yeddinci qatında olduğunuzu bildirmişdiniz. O mərtəbədə olmaq hansı hissləri yaşadır?

– Bir mənzərəni, hansısa hadisəni nəql etmək olar. Amma bu hisslər elə bir şeydir ki, danışılmır. Gərək insanın içindən keçə. Göyün yeddinci qatında yaşanan hissi kiməsə izah etmək üçün gərək mütləq həmin adamı da özünlə ora apara biləsən. Kim bu hissi ifadə etsə, inanmaram. Hiss tərcümə olunmayan duyğudur. Hərə öz ömür payını, öz hiss dünyasını yaşayır.

 

– “Əslində, heç kim xalq üçün yazmır. Xalqın boynuna minnət qoyurlar. Hər kəs özünə xidmət edir. Elə mən də. Oxucu da kitabımı alıb oxuyubsa, özünə xidmət edib”. Bu fikirlər də sizə məxsusdur. Bəs bu xidmətdən ən çox faydalanan, sizcə, kim olub?

– Məncə, “xalqa xidmət edirəm” qeyri-səmimi fikirdir. 40 il gedib toylarda oxuyur, pul qazanır, belə hesab edir ki, xalqa xidmət edib. Əslində, sən xalqa deyil, cibinə xidmət etmisən. Minnəti də cibin boynuna qoymaq lazımdır. Lap elə yazıçılar da. Son 30 ildə çoxsaylı müsahibələr vermişəm. Bu müsahibələrin heç birində bu mövzuda fikir deməmişəm. Mən yazıçıyam, əsərimi yazmışam, bu mənə hörmət gətirib və bu hörmət də mənim özümə xidmət edib. Mən xalqa niyə minnət qoymalıyam. “Kim daha çox faydalanıb” məsələsində deyərdim ki, yazıçı-oxucu arasında ünsiyyət qurulub və bu ünsiyyət çox ali bir məqamdır. Ünsiyyət olmasa, dünyada heç nə olmaz. O, hər şeyin başıdır. O olmasa, bütün qalaktika bir maket kimi görünər.

 

– Sizcə, söz yazıçını haralara apara bilər?

– Söz yazıçını o yerə qədər aparır ki, yazıçı o yerə qədər gedə bilir. Elə bil ki, valideyn uşağın əlindən tutub gedir və uşağın da bir yorulan vaxtı gəlir. Yəni söz sonsuz hərəkətdə olan bir anlamdır. Sonsuz, dayanmadan gedə bilir. O, baxır yazıçının gücünə. Məsələn, söz mənim əlimdən tutub cənub bölgəsinə qədər getmək istəyir. Mən Ələtə qədər də gedə bilərəm, yaxud Hacıqabulu da keçə bilərəm. Adam olar, Astaraya qədər gedib çata bilər. Bu, yazıçının istedadının mənəvi-fiziki hazırlığından çox asılıdır.

 

– “Qarabağ alınmayınca bu mövzuda yazmaq olmaz” qənaətiniz yəqin ki, dəyişib...

– Bunun elə bir resepti yoxdur. Əslində, aydın məsələdir ki, Qələbədən əvvəlki dövrdə ruh düşkünlüyü var idi. Hər kəs bunu boynuna almasa da, bu var idi. Bəzən jurnalistlər yazıçıları günahlandırırdılar ki, yazıçılar Qarabağ mövzusunda az yazır və s. Mən həyatda da, yaradıcılıqda da, son dərəcə realist adamam. Qələbədən əvvəlki dövrdə hamı bizi aldadırdı. O zaman dedim ki, heç olmazsa, gəlin, özümüz özümüzü aldatmayaq. Qarabağ haqqında əsər yazmaq lazım deyil. Bir az istedadı olan yazıçı elə bir əsər yazar ki, qıra-qıra gedər çıxar düz Ermənistana. Bu romanda biz Qarabağı da, Ermənistanı da alarıq. Bizə romanda alınan Qarabağ lazım deyil. Düz 12 il əvvəl demişdim ki, Qarabağ haqqında ən baş romanı Ali Baş Komandan yazmalıdır. Şükürlər olsun ki, bu fikrim reallığa çevrildi. Azərbaycan əsgəri onun sağ əli olmaqla bu əsəri yazdı. Onlar bu əsərin həmmüəllifi oldular. Hazırda bu əsərin qabağında kimsə nəsə yazsa, maraqsız olar. Ədəbiyyat sifariş götürmür. Zaman da lazımdır...

 

– Bəs kinoda müharibəni necə təsvir etmək lazımdır? Reallıq, fakt, yoxsa təxəyyül?

– Müharibə oldu, döyüşlər getdi. Biz Qələbə çaldıq. Əsas budur. Kinematoqraf çox böyük imkanları olan sənətdir. Sənədli filmlə bədii filmin fərqi var. Əgər bədii filmdən söhbət gedirsə, faktı dəqiqləşdirməyə ehtiyac yoxdur. İstedada, düşüncəyə güc vermək lazımdır. Üç əsas amil lazımdır: yaxşı ssenari, yaxşı ssenari və yenə də yaxşı ssenari. Bunu da yazmaq üçün yazıçılara müraciət etmək lazımdır. Dünyanın ən yaxşı ekran əsərləri ən yaxşı kitablar əsasında yaranıb. Hazırda ssenarini müstəqil bir janr kimi təqdim edirlər. Bu, yanlış yanaşmadır. Yazıçı həyata söykəndiyi kimi, ssenari də konkret əsərə söykənməlidir. İsmayıl Şıxlının “Dəli Kür” əsəri. Ssenari yazılsaydı, o effekti verərdimi? Xeyr. Gənc ssenaristlər iddialıdır, amma ortada heç nə yoxdur. Elə seriallara baxanda görürük. Var pis seriallar və bir də ən pis seriallar. Tamaşaçıları bu seçim qarşısında qoyublar. Hazırlıqlı, bütöv deyillər, yanaşma yoxdur. “Tamaşaçı məndən bunu istəyir” fikri də düzgün deyil. Varını verən utanmaz, düzdür. Amma baxır sənin verdiyin nədir. Bir uşaq gözəl qablaşdırılmış bir zəhər istəsə, onu vermək düzgündürmü? Həmin zəhəri verən adam nə qədər böyük məsuliyyət daşıyırsa, bu gün eyni fikirlə serial təqdim edənlər də cəmiyyət qarşısında eyni məsuliyyəti daşıyır. Dövlət külli miqdarda pul ayırır ki, sən kütlə nə istəyir onu verəsən? Dil baxımından da eyni vəziyyətdir. Cümlə qurmaq dövlət qurmaq qədər çətindir. Efir-ekranda yüzlərlə səhv fakt olur. Mən bu səhvlərə xəta yox, bəla deyərdim.

 

– 60 illik yubileyinizdə dostları bir yerə yığıb “Mirzə Hüseyn segahı” oxumuşdunuz. 75 yaşda “repertuar”da dəyişiklik edərdinizmi?

– Muğam elə dünyadır ki, onu dəyişmək olmur. Lap 85 yaş olsa da, yenə “Segah” oxuyaram. Mənim üçün “Mirzə Hüseyn segahı”nın ən yaxşı ifaçısı Yaqub Məmmədov idi. “Mübərriq”də elə bir ifa göstərib ki, muğam ifaçılığında hələ elə bir məqam olmayıb. Muğamın tarixində “Ağ segah” deyilən bir məqam var. Onu Yaqubdan başqa heç kim oxumayıb. “Ağ segah” “Mənsuriyyə”nin içində bir boğazdır. O, çox böyük sənətkar idi. Muğamların hamısı gözəldir. Bayaq danışdığımız göyün yeddinci qatı məsələsi burada özünü göstərir. Bu məqamda, məncə, insan Allahın yaxınlığında olur. Mən o qatda cəmi bir dəfə oldum – Qarabağ işğaldan azad olunanda.

 

– Gənc yazıçıları da oxuduğunuzu bilirik...

– Bax elə bunu qeyd etməyini xahiş edirəm. Stolumun üstündəki “Ulduz” jurnalını görürsünüz yəqin. Siz gələndə elə Təranə Vahidin essesini oxuyurdum. Baxın, esseni necə işarələmişəm. Bu qız çox böyük bir yazıçıdır. Xahiş edirəm, bu fikrimi mütləq qeyd edəsən. Çünki bu hadisə yazıçılar arasında bəlkə də yeganə hadisədir. Beş il əvvəl Təranə mənə bir kitabını hədiyyə etdi. Bir cümlə oxudum... Bu nədir? Yanına üstəgəl işarəsi və üç nida qoydum. Digər cümlələrə də eləcə. Kitabı son səhifəyə kimi  işarələdim. Çox kövrək adamam. Onu görəndə bütün qəlbimlə təbrik etdim. Onun mənə avtoqrafla hədiyyə etdiyi kitabı yenidən öz avtoqrafımla özünə hədiyyə elədim...

 

– Söhbətimizin sonunda oxucularımıza arzularınız?

– Mən sizin qəzeti alıram və hər nömrəni də oxuyuram. Söz adamı olduğum üçün “Mədəniyyət” mənə doğma qəzetdir. İlk növbədə yubileyim münasibətilə diqqət ayırdığınıza görə təşəkkür edirəm. Qəzetinizin formatı, dizaynı, “boy-buxun”u başqalarından fərqləndiyi kimi üslubunuz, yanaşmanız da fərqlidir. Qəzetinizin “boy-buxun”u kimi səsiniz də həmişə hündürdən gəlsin. Yeri gəlmişkən, qəzetinizin də 30 illik yubileyini təbrik edirəm, öz nəslimə-kökümə, Qarabağ camaatına nə arzu edirəmsə, həmin arzunu sizin kollektivə də arzulayıram. Bütün oxucuları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm. Qəzetin oxucularından və kollektivindən çox balaca bir xahişim var. Həmişə qatığın rəngini dəqiq desinlər. Desinlər ki, qatıq ağdır...

Söhbətləşdi: Lalə AZƏRİ