31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş daha bir tədbir Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilib.

Martın 29-da onlayn formatda təşkil olunan “Azərbaycanlılara qarşı soyqırımı və vandalizm aktlarına siyasi və hüquqi qiymət verilməsi istiqamətində Avropa məkanında səylərin konsolidasiyası” mövzusunda beynəlxalq konfransa siyasi ekspertlər, diplomatlar, Milli Məclisin deputatları qatılıb.

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov son iki əsrdə erməni millətçilərinin Azərbaycan əhalisinə qarşı həyata keçirdikləri qanlı aksiyaların və soyqırımların miqyasının bilindiyindən daha çox olduğunu vurğulayaraq bu tarixin dünyada tanıdılmasının vacibliyindən bəhs edib.

Millət vəkili, tarixçi, AMEA-nın müxbir üzvü Musa Qasımlı ermənilərin soyqırımı və vandalizm aktlarının ölkəmizdəki digər xalqlara da qarşı yönəldiyini bildirərək bu qanlı siyasəti Azərbaycanda yaşayan millətlərin və dini konfessiyaların məsələsi kimi dəyərləndirib.

Konfrans iştirakçıları Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı 30 ilə yaxın müddətdə tarixi abidələrə, mədəni irsə qarşı törədilən “mədəni soyqırımı”ndan da söz açıblar.

Azərbaycanlılara qarşı zaman-zaman həyata keçirilən soyqırımına dünyada siyasi və hüquqi qiymətin verilməsinə nail olmaq üçün səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb.