2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur.

Prezident İlham Əliyev fevralın 18-də Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda vurğulanır ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandıraraq, xalq ruhu ilə  həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb yaradaraq özündən sonrakı məşhur el şairlərinə qüvvətli təsir göstərib.

Yubileylə bağlı mədəniyyət ocaqları tərəfindən aşıq sənətinin görkəmli nümayəndəsinə həsr olunmuş müxtəlif tədbir və layihələr reallaşdırılır.

Aprelin 8-də Bülbülün Memorial Muzeyi “AYTAM” Uşaqların Mədəni-Maarifləndirilməsi İctimai Birliyi ilə birgə Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı onlayn tədbir keçirib. Tədbirdə birliyin üzvləri Aşıq Ələsgərin şeirlərini söyləyib, sazda aşıq mahnıları ifa ediblər.