Xəbər verdiyimiz kimi, aprelin 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilib. Aprelin 11-də Türk Şurası ölkələrinin rəsmiləri  işğaldan azad olunmuş Ağdam şəhərinə səfər ediblər. Nümayəndə heyətini Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Qonaqlar yol boyu işğaldan azad edilmiş ərazilərdə Ermənistan ordusunun hərbi istehkamlarının olduğu ərazilərə baxıblar. Prezidentin köməkçisi Hikmət Hacıyev diqqətə çatdırıb ki, 44 günlük müharibədə Ermənistanın faktiki kapitulyasiyasından sonra imzalanan üçtərəfli bəyanata (10 noyabr 2020-ci il) uyğun olaraq, işğalçı qüvvələr  Ağdam rayonunu tərk ediblər və rayon Azərbaycanın nəzarətinə qaytarılıb. Rayonun ərazisində keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış mürəkkəb müdafiə istehkamlarının keçilməsi ciddi texnika və insan itkisi olmadan mümkün deyildi. Ancaq Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi ilə Ermənistan kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur oldu, Ağdam rayonu işğaldan itkisiz azad edildi.

Türkdilli Şurasının informasiya və media üzrə məsul nazirləri, yüksək vəzifəli rəsmiləri sonra Ağdam şəhərindəki İmarət qəbiristanlığına gəliblər. Ağdam ziyalısı Zülfü Qasımov məlumat verib ki, burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın, xanlığın ondan sonrakı hökmdarı İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, məşhur şairə Xurşudbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Ağdam şəhəri işğal olunduqdan sonra Pənahəli xanın buradakı sarayı və qəbiristanlıq erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Xurşudbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.

İşğal edilən ərazilərdəki məscidlər, məzarlıqlar kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, tövlə kimi istifadə olunub.

Türkdilli Şurasının nümayəndə heyəti Ağdam Cümə məscidində də ermənilərin törətdikləri vəhşiliyin şahidi olub. Qonaqlara məlumat verilib ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. İşğal zamanı məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız hala salınıb.

Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, ümumilikdə respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. İşğala qədər Ağdam rayonunda 153 min, Ağdam şəhərində isə 42 mindən çox sakin yaşayırdı. Rayonda 17 sənaye müəssisəsi fəaliyyət göstərirdi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar.

Türkdilli Şurası ölkələrinin rəsmiləri Ağdam şəhərində mehmanxananın, Dram Teatrının, İcra Hakimiyyətinin, bankın binalarının qalıqlarına baxıblar.