Bu torpaqlara gələn zaman Qarabağ zəfərinin necə böyük zəfər olduğunu bir daha açıq şəkildə anladıq. Bunu ürəkdən hiss etdik. Şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət, yaralılara uzun ömür diləyirik. Bu zəfər üçün onlara minnətdarıq.

Bu sözləri Türk Şurası ölkələrinin informasiya və media üzrə məsul rəsmilərinin Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun deyib. O bildirib ki, bu qələbə Azərbaycan, bölgə və Türkiyə üçün böyük bir zəfərdir: “30 illik işğal sona çatdı. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində işğal aradan qaldırıldı və bölgə azad edildi. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə bu haqlı mübarizədə Azərbaycana dəstək verdi. Bu gün bunun qürurunu yenidən burada yaşadıq”.

 

“Bütün gücümüzlə azərbaycanlı qardaşlarımızın yanındayıq”

 

Fahrettin Altun Ağdamda gördüyü erməni vəhşiliyindən bəhs edərək deyib: “Buradakı zülmü, əziyyəti və barbarlığı gördük. Bu, bənzəri olmayan bir barbarlıqdır. Burada barbarlıq olan zaman dünyanın, beynəlxalq təşkilatların necə ikiüzlü bir mövqe sərgilədiyini də gördük. Baxın, burada mədəniyyət abidələri tar-mar edilib. Amma özünü dünyanın mədəniyyət abidələrini qorumaq məsuliyyəti daşıyan qurumlardan heç bir səs çıxmayıb. Mən buradan UNESCO başda olmaqla bütün beynəlxalq təşkilatlara səslənərək bildirmək istəyirəm ki, ikili standartları kənara qoysunlar. Burada barbarlıq həyata keçirilib, mədəniyyət abidələri məhv edilib. Bu abidələr, əslində, türklüyün və İslamın izlərini itirmək üçün məhv edilib. Amma bunu bacarmadılar, bacara bilməyəcəklər. Çünki bu torpaqlar türklərin, İslamın torpaqlarıdır.

Türkiyə Prezidenti Administrasiyasının rəsmisi  işğaldan azad edilən torpaqların yenidən bərpa ediləcəyini vurğulayıb: “Bu ərazilər yenidən bərpa olunacaq. Türkiyə dövlət və özəl qurumları ilə bu ərazilərin bərpasında iştirak edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfəri zamanı dedi ki, biz bölgənin sülh göyərçinləri olmaq istəyirik. Eyni zamanda, bir daha belə işğala imkan verməyəcəyimizi göstərdik. Ağdam da, Şuşa da, işğaldan azad edilən digər ərazilər də bərpa ediləcək, inkişaf edəcək, dünyanın cazibə mərkəzlərindən birinə çevriləcək. Biz bu yöndə bütün gücümüzlə azərbaycanlı qardaşlarımızın yanındayıq. İnşallah, birlikdə bu ərazilərin bərpasını, inkişafını təmin edəcəyik”.

 

“Özbəkistan öz köməyini təklif edib”

 

Bu gün biz Ağdamda böyük dağıntıların şahidi olduq. Burada hər şey – bütün infrastruktur, evlər tamamilə dağıdılıb. Bütün dünya, beynəlxalq ictimaiyyət buna diqqət yönəltməlidir.

Bunu isə Ağdamda səfərdə olan Özbəkistan Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev deyib.

O bildirib ki, Azərbaycan hazırda inkişafının yeni mərhələsinə qədəm qoyub: “İndi qarşıda quruculuqla bağlı böyük işlər durur. Türk Şurasına üzv ölkələr işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak etməlidir. Özbəkistan artıq quruculuq və infrastrukturun bərpası üçün öz köməyini təklif edib. Biz hazırda mütəxəssislərlə birgə bərpasında iştirak edəcəyimiz obyektləri müəyyənləşdiririk. Bizim inşaatçılar bu ərazilərdə obyektlərin bərpasında iştirak edəcək. Məndə olan məlumata görə, Özbəkistan bir məktəbin tikintisini həyata keçirərək Azərbaycan xalqına hədiyyə edəcək. Ən başlıcası, bu torpaqlara sülhün qayıtmasıdır”.

 

Türk Şurasının biznes-forumu keçirəcək

 

44 gün davam edən Vətən müharibəsi zamanı Türk Şurası hər zaman Azərbaycanı dəstəkləyib, üzv dövlətlər adından bəyanatlar verilib: “Müharibədən sonra da Qaradağda həyata keçiriləcək quruculuq işlərində də Türk Şurasına üzv dövlətlər dəstəklərini əsirgəməyəcəklərini bildiriblər.

Bu sözləri Türk Şurası Baş katibinin müavini Qismət Gözəlov bildirib.

O, diqqətə çatdırıb ki, aprelin sonunda Türk Şurası çərçivəsində biznes-forumun keçirilməsi nəzərdə tutulur. Məqsəd üzv ölkələrin iş adamlarını bir araya gətirmək, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində infrastruktur layihələrinin həyata keçirilməsində yaxından iştirak etməkdir.