“Türk Hava Yolları” (THY) mayın 3-dən etibarən Qazaxıstanın Türküstan şəhərinə birbaşa uçuş həyata keçirməyi planlaşdırır. Aviaşirkət İstanbul-Türküstan marşrutu üzrə həftədə üç dəfə “B-737” təyyarələri ilə müntəzəm uçuşlar həyata keçirəcək.

Gələcəkdə Türküstandan Qırğızıstanın paytaxtı Bişkekə və Özbəkistanın paytaxtı Daşkəndə müntəzəm uçuşların həyata keçiriləcəyi də planlaşdırılır.

Ötən ilin dekabrında istismara verilən Türküstan Beynəlxalq Aeroportundan  martın 21-dən etibarən Qazaxıstanın “Fly Arystan” şirkəti tərəfindən Türküstan-İstanbul marşrutu üzrə uçuşlar həyata keçirilir.

Qeyd edək ki, martın 31-də keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının onlayn sammitində Türküstan türk dünyasının mənəvi paytaxtı kimi təqdim olunub və şəhərin gələcəkdə ümumtürk mədəni inteqrasiya prosesində önəmli rol oynayacağı vurğulanıb.