Görkəmli ictimai-siyasi xadim, yazıçı-publisist Nəriman Nərimanovun seçilmiş əsərləri gürcü dilinə tərcümə olunub. Kitab aprelin 10-da Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində oxuculara təqdim olunub.

Mərasimdə Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirliklərinin əməkdaşları, Azərbaycan və gürcü ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Tədbiri muzeyin elmi işçisi Leyla Əliyeva açıb. Sonra layihənin rəhbəri və kitaba ön sözün müəllifi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva çıxış edərək N.Nərimanovun həyat və fəaliyyəti, yaradıcılığı barədə ətraflı məlumat verib. Bildirib ki, ictimai-siyasi xadim N.Nərimanovun həyat və yaradıcılığının bir hissəsi Gürcüstanla bağlıdır. N.Nərimanov təkcə Azərbaycanda deyil, Gürcüstanda da böyük hörmətlə xatırlanır. Marneulidə ədibin adını daşıyan parkda onun abidəsi ucalır. Bir zamanlar dərs dediyi kənddə də ədibin adı əbədiləşdirilib.

A.İsayeva bildirib ki, oxuculara təqdim olunan kitabda ədibin “Nadanlıq”, “Nadir şah” pyesləri, “Bahadır və Sona” romanı iki dildə - Azərbaycan və gürcü dillərində işıq üzü görüb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Eldar Bayramov, Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbətov və başqaları çıxış edərək N.Nərimanovun yaradıcılığından, həyat yolundan bəhs ediblər. Bildirilib ki, N.Nərimanov ilk qələm təcrübəsi olan “Nadanlıq” əsərini Gürcüstanda yazıb. N.Nərimanov “Nadir şah” əsəri ilə Azərbaycan ədəbiyyatında ilk tarixi faciənin, “Bahadır və Sona” əsəri ilə ilk milli romanın əsasını qoyub.

Qeyd edək ki, əsərləri gürcü dilinə filoloq Oktay Kazımov tərcümə edib.