Azərbaycan

 

14 aprel 1870 – Görkəmli yazıçı-publisist, maarifçi, dövlət xadimi Nəriman Nərimanov (1870 – 19.3.1925) anadan olub. 1894-cü ildə Bakıda müsəlman əhali üçün ilk kütləvi kitabxananı təşkil edib. “Nadanlıq”, “Nadir şah”, “Bahadır və Sona”, “Şamdan bəy” və s. əsərlərin müəllifidir. Azərbaycanın sovetləşməsindən sonra respublika hökumətinin – Xalq Komissarları Şurasının sədri (1920-1922) olub.

14 aprel 1907 – Xalq artisti Fatma Qədir qızı Qədri (1907 – 29.2.1968) anadan olub. Səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb. Rus Dram Teatrında, Milli Dram Teatrında çıxış edib, pedaqoji fəaliyyət göstərib.

14 aprel 1952 – Telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafa oğlu Mustafayev (1952 - 20.11.1991) Qazax rayonunda doğulub.

14 aprel 1970 – Əməkdar artist Qaflan Məmmədrza oğlu Muradov (1890-1970) vəfat edib. Ağdam, Füzuli dram teatrlarının aktyoru olub.

 

15 aprel 1892 – Nasir, tərcüməçi Əli Səbri (Əli Camal oğlu Qasımov; 1892 – 19.2.1983) anadan olub.

15 aprel 1905 – Məşhur memar, akademik Sadiq Ələkbər oğlu Dadaşov (1905-1946) anadan olub. Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Nizami Kino Mərkəzi, Bakı Musiqi Akademiyasının binalarının və s. tikililərin layihələndirilməsində iştirak edib.

15 aprel 1907 – Azərbaycan Rəssamlar İttifaqının ilk sədri İsmayıl Hüseyn oğlu Axundov (1907 – 13.9.1969) anadan olub. Qrafika, dekorativ-tətbiqi sənət, teatr rəssamlığı sahəsində çalışıb. “Koroğlu” operasının ilk geyim eskizlərinin yaradılmasında iştirak edib.

15 aprel 1912 – Şair, publisist Əkbər Məftun (Əkbər Qurban oğlu Əkbərov; 1912-1990) anadan olub.

15 aprel 1928 – Cənubi Azərbaycan şairi Səhənd (Bulud Qaraçorlu Səhənd; 1928-1979) Marağa şəhərində doğulub.

15 aprel 2010 – Tanınmış aktyor, Xalq artisti Telman Adıgözəlov (17.7.1953 – 2010) vəfat edib. Teatr və televiziya (“Evləri köndələn yar”, “Nigarançılıq”, “Yarımştat”) tamaşalarda maraqlı obrazlar yaradıb, “Anlamaq istəyirəm”, “Günaydın, mələyim!” və s. filmlərdə çəkilib.

 

16 aprel 1913 – Əməkdar artist Kərim Xankişi oğlu Sultanov (1913-1975) Tovuz rayonunda doğulub. Gəncə Dövlət Dram Teatrının aktyoru olub.

16 aprel 1916 – Bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Muxtar oğlu Hüseynli (1916 – 1.8.1961) anadan olub. Məşhur “Cücələrim” mahnısının (sözləri - Tofiq Mütəllibov), “Ay işığında”, “Gecələr uzanaydı”, “Düşür yadıma” və s. populyar mahnıların müəllifidir.

16 aprel 1934 – Xalq artisti, bəstəkar Ramiz Aqil oğlu Mirişli (1934 – 17.4.2015) Naxçıvanda doğulub. Musiqili komediyalar (“Gəl, qohum olaq”, “Amerikalı kürəkən”), simfonik əsərlər, mahnılar (“Oxu, tar”, “Dalğalar”, “Bayram axşamları” və s.), “Alma almaya bənzər”, “Qəzəlxan” və s. filmlərə musiqi yazıb.

 

Dünya

 

14 aprel 1925 – Amerika aktyoru, “Oskar” mükafatçısı Rod Stayger (Rodney Stephen Steiger; 1925-2002) anadan olub.

14 aprel 1930 – Litva kinorejissoru Vitautas Jalakyaviçus (1930-1996) anadan olub. Rejissorun “Bu şirin söz – azadlıq” filmində azərbaycanlı aktyorlar da çəkilib.

 

15 aprel Dünya İncəsənət Günüdür (World Art Day). 2019-cu ildə UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında (12-27 noyabr 2019-cu il) təsis olunub.

 

15 aprel 1452 – Böyük italyan rəssamı, heykəltəraş, memar, ixtiraçı, Avropa İntibahının görkəmli nümayəndəsi Leonardo da Vinçi (Leonardo di ser Piero da Vinci; 1452 – 2.5.1519) Florensiyada doğulub. Məşhur əsərləri: “Mona Liza” (“Cokonda”), “Sonuncu şam” və s.

15 aprel 1489 – Memar Sinan (Sinaneddin Yusif Abdülmennan oğlu; 1489 - 7.2.1588) Kayseridə doğulub. İstanbulda Süleymaniyə camisi, Ədirnədə Səlimiyə camisi, körpülər və s. tikililərin müəllifidir.

15 aprel 1931 – İsveç şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2011) Tomas Tranströmer (Tomas Gösta Tranströmer; 1931 – 26.3.2015) anadan olub. Avropanın ən nüfuzlu poeziya mükafatı olan Petrarka mükafatına (1981) da layiq görülüb.

 

16 aprel 1844 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1921) laureatı Anatol Frans (Anatole France - François-Anatole Thibault; 1844-1924) anadan olub. Əsərləri: “Müasir tarix” silsilə romanları, “Mələklərin üsyanı” və s.

16 aprel 1889 – İngilis aktyoru, rejissor Çarli Çaplin (Charles Spencer Chaplin; 1889-1977) Londonda doğulub. 1910-1940-cı illərdə ABŞ-da yaşayıb, 1952-ci ildə İsveçrəyə (Cenevrə) köçüb. Filmləri: “İt həyatı”, “Uşaq”, “Qızıl hərisliyi”,  “Böyük diktator”, “Sirk” və s. 1972-ci ildə fəxri “Oskar”a layiq görülüb.

16 aprel 1924 – Amerika bəstəkarı və dirijoru Henri Mançini (Enrico Nicola Mancini; 1924-1994) anadan olub. 4 dəfə “Oskar” mükafatına layiq görülüb.

Hazırladı:  Vüqar ORXAN