Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.

“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.

Həmişə dünyada yaxşılıq axtar,
Yaxşı ad almaqda əbədiyyət var.
Yaxşı ad almışla yaxşı ol müdam,
Yoxsa axır özün olarsan bədnam.

(“İsgəndərnamə” – “İqbalnamə”)

Qamışın hansı otdan baxma göyərdiyinə,
Bax, gör onu şəkəri çıxardı nə ağ günə.

(“Sirlər xəzinəsi”)

İstəyirsən evin salamat qala,
Evə yad adamı buraxma əsla.

(“Xosrov və Şirin”)

Öz qəbiləsinə asi olan şəxs
Onunla bir yerdə yaşaya bilməz.

(“Leyli və Məcnun”)

Hər kəs zor göstərsə işində əgər,
İşinin nizamı pozulub gedər.

(“Yeddi gözəl”)

Madam ki, sülh ilə göyərər dilək,
Döyüşə at çapmaq daha nə gərək?

(“İsgəndərnamə” – “Şərəfnamə”)