Martın 5-də İstanbul Universitetində “Məhəmməd Əmin Rəsulzadə və Türk dünyası” mövzusunda tədbir keçirilib.

Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi haqqında Prezident İlham Əliyevin sərəncamına əsasən təşkil olunan tədbirdə görkəmli ictimai-siyasi xadimin həyat və fəaliyyətindən, milli istiqlal uğrunda mübarizəsindən danışılıb, onun Azərbaycanın ictimai-fikir tarixində yeri və rolundan söz açılıb.

Bildirilib ki, XIX əsrin sonu – XX yüzilliyin əvvəllərində Azərbaycan bir sıra görkəmli şəxsiyyətlər yetişdirib, bu insanların gələcək nəsillərə örnək olacaq mübarizə yolu hər zaman yaddaşlarda yaşayacaq.

Tədbirdə “Rəsulzadə ev-muzeyi” ictimai qrupunun rəhbəri, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova, Türkiyənin Yeditepe Universitetinin professoru İbrahim Yıldırım, Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri Cezmi Bayram, Azərbaycan “Türk Ocağı”nın rəhbəri Akif Aşırlı və başqaları çıxış ediblər.

“VMF Holdinq”in başçısı Vahid Mustafayev Rəsulzadənin virtual ev-muzeyini əks etdirən saytı təqdim edib.

Tədbir Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), İstanbul Universitetinin Ədəbiyyat fakültəsi və “Rəsulzadə ev-muzeyi” ictimai qrupunun birgə təşkilatçılığı ilə keçirilib.