Qazaxıstanın gənc bəstəkar-pianoçusu Raxat-Bi Abdısaginin “Brüs” operası Böyük Britaniyada tamaşaya qoyulub.

Qazaxıstan mediasının məlumatına görə, əsər Şotlandiyanın hökmdarlarından kral Brüsün 750 illiyinə həsr olunub. Operanın premyerası Danfermlin abbatlığında baş tutub. Kral Robert Brüs burada dəfn edilib. Operanın librettosu bu hökmdara ithaf olunmuş poemanın motivləri əsasında yazılıb.

25 yaşlı bəstəkar əsər barədə deyib: “Bu poemanı 1375-ci ildə Con Barbur adlı müəllif yazıb. Opera keçmiş və gələcək arasında özünəməxsus körpüdür. Burada həm də multikultural aspekt də var. Operanın aparıcı ideyası azadlıqdır”.

Bəstəkar əsərin yazılmasından ötrü təkcə istedad və bacarıq sərf etməyib. Tarixi konteksti qurmaq, həmçinin Orta əsrlər şotlandlarının tələffüzünü bərpa etmək üçün alim və linqvistlərlə birlikdə çalışıb. Quruluşda Şotlandiya Kral Konservatoriyasının vokalçıları və orkestri iştirak edib. Orqan partiyasını Raxat-Bi Abdısagin özü ifa edib. Opera kilsə operası janrında bəstələnib, müəllif qədim musiqi ənənələrini və müasir bəstəkar texnikalarını bacarıqla birləşdirməyə nail olub.

“Brüs” operası qazaxıstanlı gəncin Şotlandiya Kral Konservatoriyası və Sent-Endrüs Universitetindəki doktorluq araşdırmasının çərçivəsində yazılıb. Əsər Qlazqoda, Edinburq və Sent-Endrüsdə ifa edilib.

“Qazaxların Motsartı” adlandırılan Raxat-Bi Abdısagi indiyədək müxtəlif həcmli 150 əsər bəstələyib ki, onların çoxu Avropa, Asiya və Amerikanın konsert salonlarında səslənir.

Gülcahan