Füzuli Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsinin şəhid kiçik çavuşu Elgün Paşayevin xatirəsinə həsr olunmuş “Şərəfli yolun yolçusu” adlı tədbir keçirilib.

Muzeyin direktor vəzifəsini icra edən Xalisə Məmmədova qonaqları salamlayıb. Elgün Paşayevin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.

Çıxış edənlər ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin xatirələrinin hər zaman əziz tutulduğunu bildirib, belə tədbirlərin əhəmiyyətindən bəhs ediblər.

Sonda şəhidin övladları Paşa və Mələyə muzeyin əməkdaşları tərəfindən hazırlanmış hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Elgün Paşayev 1994-cü il martın 4-də Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub. Vətən müharibəsinin ilk günündə Füzuli uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.

N.Məmmədli