Martın 13-də Tahir Salahovun Ev-Muzeyində “İçərişəhərin sənətkarlarından: balaban ustası Məmmədnaib Hacıyev” adlı tədbir keçirildi.

Muzeyin direktoru Səadət Mirzəyeva İçərişəhərdə yaşayıb-yaradan sənət adamlarının irsinin tanıdılması məqsədilə həyata keçirilən layihənin əhəmiyyətindən söz açdı. Bildirdi ki, məqsəd mədəni irsimizi və bu irsi yaşadan insanları gənc nəslə təbliğ etməkdir. Bu səbəbdən də tədbirə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbələri və müəllimləri, musiqi və orta məktəblərin şagirdləri dəvət olunublar.

Ötən il “Balaban sənətkarlığı və ifaçılıq sənəti” (Azərbaycan və Türkiyə) nominasiyasının UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edildiyini də diqqətə çatdıran direktor sonra Məmmədnaib Hacıyevin həyat və yaradıcılığından bəhs etdi. Qeyd etdi ki, sənətkar 1922-ci ildə anadan olub. Atası Hacı Şıxəli İçərişəhərdə sayılıb-seçilən tacirlərdən idi. O, 1918-ci ildə Bakını erməni-bolşevik birləşmələrindən təmizləməyə gələn Qafqaz İslam Ordusunun ərzaqla təminatına böyük dəstək verib. Onun vətənpərvərliyini yüksək qiymətləndirən Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Şıxəli kişiyə xatirə olaraq gümüş qəmə (xəncər) bağışlayıb. Bu xəncər hazırda balaban ustasının İçərişəhərdəki mənzilində qorunur.

Sonra Əməkdar artist, balaban ifaçısı Şirzad Fətəliyev bu qədim alət haqqında danışdı. Bildirdi ki, balaban ney, sümsü, bülban, musiqar və digər nəfəs alətləri ilə müqayisədə daha mürəkkəbdir və hazırlanması da əziyyət tələb edir. Alətin hazırlanmasında uzun illər xidmət göstərmiş Məmmədnaib Hacıyevin 2022-ci ildə 100 illik yubileyi münasibətilə ailəsi tərəfindən ustanın ən dəyərli balabanı ona hədiyyə edilib.

Şirzad Fətəliyev sənətkarla bağlı xatirələrini də bölüşdü. Bildirdi ki, balabanla müşayiət zü böyük ustalıq tələb edir ki, Məmmədnaib Hacıyev balaban ustası olmaqla yanaşı, həm də mahir ifaçı idi.

M.Hacıyevin qızı, Əməkdar mədəniyyət işçisi Mələk Hacıyeva da atası ilə bağlı xatirələrini danışdı. Bildirdi ki, bütün milli musiqi alətlərimiz ona əzizdir, amma bunların sırasında balabanın öz yeri var. Çünki dünyaya balaban səsi ilə göz açıb. Balabanın həzinliyi, ürəyəyatımlılığı onu hər zaman valeh edib. M.Hacıyeva həmçinin evlərinə gəlib-gedən Kamil Cəlilov, Bəhruz Zeynalov, Ələkbər Əsgərov, Elşad Cabbarov kimi görkəmli sənətkarları xatırlayaraq onların atası ilə sənət söhbətlərini yada saldı. 

Tədbirdə ustanın öz əli ilə düzəltdiyi balabanlar və yarımçıq qalan işləri, şəxsi əşyaları və tanınmış musiqi xadimləri ilə fotolarından ibarət sərgi də təqdim olundu. M.Hacıyevin Azərbaycan Televiziyasının fondunda qorunan lent yazılarından “Şur” muğamı, rəqs havalarından nümunələr səsləndirildi. Həmçinin Şirzad Fətəliyevin tələbələrinin çıxışları dinlənildi.

Lalə Azəri