Martın 18-də AMEA-da Tarix və Etnologiya İnstitutunun təşkilatçılığı ilə “Türk sivilizasiyasının dirçəlişi” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

Konfrans iştirakçıları əvvəlcə Türk dünyasının qədim tarixini, mədəniyyətini və milli dəyərlərini əks etdirən sərgi ilə tanış olublar.

Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Novruzun Azərbaycan xalqının milli birlik bayramı olduğunu qeyd edib. Akademik Türkiyədə və digər türk respublikalarında rəsmi şəkildə qeyd olunan bu bayramı Türk dünyasının inteqrasiyasında mühüm faktorlardan biri kimi səciyyələndirib. Bildirib ki, Novruz adət-ənənələrimizin qorunmasına, milli-mənəvi dəyərlərimizin nəsildən-nəslə ötürülməsinə, milli birliyə, dostluğa, həmrəyliyə xidmət edən ümumxalq bayramıdır.

“Artıq dördüncü ildir ki, Azərbaycan xalqı bütün Türk dünyasının qədim bayramı olan Novruzu qalib ölkə, qalib xalq olaraq qarşılayır”, – deyə bildirən AMEA rəhbəri bu il bayramın müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq işğaldan azad edilmiş Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və bütün digər ərazilərimizdə qeyd edildiyini vurğulayıb.

İsa Həbibbəyli Türk dünyasının qədim bayramlarından olan Novruzun, əslində, türk soylarının qardaşlığından xəbər verdiyini söyləyib, tədbirin işinə uğurlar arzulayıb.

Konfrans işini Dünya Türkologiya Mərkəzinin sədri, Tarix və Etnologiya İnstitutunun şöbə müdiri tarix elmləri doktoru Güllü Yoloğlunun moderatorluğu ilə davam etdirib.

Tədbirdə “İraq türkmanlarının dili və tarixi haqqında”, “Kərkük türkmanlarının ibtidai inancları”, “Azərbaycan ərazisində türk damğalarının mövcudluğu və yerləşdiyi areal”, “Qədim türk yeməklərinin innovasiyası”, “Qaraçay türklərinin adətləri”, “Qaqauz türklərində “Qurd” simvolu” və digər mövzularda məruzələr dinlənilib.

Beynəlxalq konfrans martın 19-da işini başa vuracaq.