Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, şair Mikayıl Azaflının (Mikayıl Cabbar oğlu Zeynalov; 1924–1990) anadan olmasının 100 illiyi qeyd edilir.

Mikayıl Azaflı böyük coşqunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad aşıq kimi tanınıb. O təkcə aşıq sənətini kamil bilməyi ilə deyil, eləcə də şairlik təbinə malik olmağı ilə seçilib. Erkən yaşlarında “Solğun” və “Coşqun” təxəllüsləri ilə şeirlər yazan aşıq-şair daha sonra doğma kəndinin (Tovuz rayonunun Azaflı kəndi) özünə təxəllüs götürüb.

Mikayılı Azaflının yaratdığı “Azaflı dübeyti”, “Azaflı gözəlləməsi”, “Azaflı sənəti”, “Azaflı dünyası”, “Azaflı gəraylısı”, “Azaflı himni”, “Mikayılı”, “Məzahiri”, “Azaflı dağları”, “Azaflı bəhri”, “Azaflı müxəmməsi”, “Şah sarayı” kimi saz havaları dillər əzbəri olub. Bu havaların hər birinin öz ritmi, ahəngi, gözəlliyi və təkrarsız melodik zənginliyi var. 

Ustad sənətkarın yubileyi münasibətilə Milli Kitabxanada “Sazın-sözün qoca qartalı: Aşıq Mikayıl Azaflı – 100” adlı virtual sərgi, həmçinin eyniadlı ənənəvi kitab sərgisi hazırlanıb.

Virtual sərgidə Mikayıl Azaflının şeir kitabları, haqqında ədəbiyyatlar, dövri mətbuat səhifələrində dərc olunmuş məqalələr və fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Mikayil_Azafli/index.htm linkindən istifadə edə bilərlər.

Bir həftə davam edəcək ənənəvi sərgidə aşığın kitabları, həyat və yaradıcılığına dair kitablar, ozan-aşıq dünyası haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş etdirilir.