Aprelin 18-də Naxçıvan MR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda muxtar respublikanın yaranmasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb.

Tədbirdə çıxış edən Naxçıvan MR Rəssamlar Birliyinin sədri Əməkdar rəssam Ülviyyə Həmzəyeva bildirib ki, sərgidə 2012-ci ildən keçirilən “Naxçıvan – bəşəriyyətin beşiyi” beynəlxalq rəsm festivallarında iştirak etmiş xarici və yerli rəssamların əsərləri nümayiş etdirilir.

Sərgidə ümumilikdə 52 rəssamın əsəri yer alıb. Tablolarda Naxçıvanın təbiəti, abidələri, milli-mənəvi dəyərlərimiz rənglərin dili ilə ifadə olunub.

Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimov Naxçıvanda fəaliyyət göstərən rəssamlara uğurlar arzulayıb, sərginin təşkilinə görə təşəkkür edib.

Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya Türkiyə və Azərbaycan arasında sarsılmaz qardaşlıq münasibətlərindən, mədəni əlaqələrimizin davamlılığından danışıb.