Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi Sankt-Peterburqda qeyd edilib.

“Moskva” hotelinin konfrans zalında təşkil olunan tədbir Rusiyada fəaliyyət göstərən “Çinar” Milli-Mədəni Mərkəzinin sədr müavini Ülviyyə Abbasovanın və Rusiya-Azərbaycan Mədəni və Humanitar Əməkdaşlıq Mərkəzinin sədri Eldar Əlizadənin birgə səyləri nəticəsində baş tutub.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirə Rusiyanın şimal paytaxtında yaşayan soydaşlarımız, elm xadimləri, tədqiqatçı alimlər, müxtəlif xalqların diaspor təşkilatlarının nümayəndələri qatılıblar. Tədbirin xüsusi qonağı isə Türkiyədə yaşayan soydaşımız, tarix elmləri namizədi, Cümhuriyyət dövrünün tədqiqatçısı və həmin dövrə aid sanballı arxıv materialları kolleksiyasına sahib Dilqəm Əhməd olub.

“Çinar” Milli Mədəni Mərkəzinin sədri, Sankt-Peterburq Dövlət Universitetinin müəllimi Xeyransa Mirzəyeva, filoloq Ülviyyə Abbasova çıxışlarında Azərbaycanın dövlətçilik və ictimai fikir tarixində xüsusi yer tutan Məhəmməd Əmin Rəsulzadənin mühüm xidmətlərindən, onun irsinin Vətəndən kənarda yaşayan gənclərimizə də aşılanmasının önəmindən danışıblar.

“Musa Əfəndi və Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları” mövzusunda çıxış edən alim Almira Tahircanova Məhəmməd Əmin Rəsulzadənin Rusiyadan Finlandiyaya keçməsinə kömək etmiş babası Musa Əfəndinin (Musa Biqeyev) fəaliyyəti, Rəsulzadə ilə görüşləri haqqında məruzə ilə çıxış edib, tarixi fotolar, arxiv materialları nümayiş etdirib.

Tədbirdə rusiyalı tarixçi alimlər Aleksandr Punçenkovun və Vladimir Mixaylovun da məruzələri dinlənilib. Sankt-Peterburq Dövlət Universitetinin müəllimi, türkoloq Şahnaz Kamal “Azərbaycançılıq ideologiyasının qurucusu Məhəmməd Əmin Rəsulzadə” mövzusunda çıxış edib.

Cümhuriyyət dövrünün tədqiqatçısı Dilqəm Əhmədin təqdim etdiyi arxiv materialları və şəxsi kolleksiyasında yer alan fotolar iştirakçıların böyük marağına səbəb olub. Çoxsaylı sualları cavablandıran Dilqəm Əhməd müəllifi olduğu kitabları tədbirin təşkilatçılarına hədiyyə edib.

Tədbirin bədii hissəsində “Çinar” rəqs ansamblı və “Naz” ansamblı milli rəqslərimizi ifa edib. İstedadli gənc soydaşımız, Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi Teymur Kazımovun ifası isə iştirakçıları valeh edib.