AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli şair-publisist, Əməkdar incəsənət xadimi Əli Tudənin (1924–1996) anadan olmasının 100 illiyi münasibətilə elmi sessiya keçirilib.

Tədbirdə şairin ailə üzvləri, AYB-nin nümayəndələri, media mənsubları və başqa şəxslər iştirak ediblər. Əvvəlcə şairin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış olub. 

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli bildirib ki, Əli Tudə yaradıcılığının ideya-mövzu və bədii sənətkarlıq cəhətdən zəngindir. Əli Tudənin keşməkeşli həyatının yeni nəsillər üçün bir nümunə olduğunu deyən AMEA rəhbəri Ədəbiyyat İnstitutunda şairin həyat və yaradıcılığının tədqiq edildiyini, kitablarının işıq üzü gördüyünü, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürov tərəfindən Əli Tudənin yaradıcılığına dair dissertasiya işinin müdafiə olunduğunu vurğulayıb. Qeyd edib ki, Ədəbiyyat İnstitutunda hazırlanan “Azərbaycan ədəbiyyatı tarixi”nin Cənubi Azərbaycan bölməsi qısa müddət ərzində institutun Cənubi Azərbaycan şöbəsi tərəfindən yazılaraq yekunlaşdırılıb və həmin bölmədə Əli Tudəyə dair ayrıca oçerkə yer verilib.

Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu deyib ki, Əli Tudə 50 poemanın, 60 kitabın müəllifidir, şeirləri müxtəlif dillərə tərcümə olunub, bir sıra ölkələrdə çap edilib.

Elmi sessiyada dosent Ağahüseyn Şükürov “Əli Tudənin yaradıcılıq yolu”, filologiya elmləri doktoru, dosent Esmira Fuad “Əli Tudənin yaradıcılığında folklor”, filologiya elmləri doktoru, dosent Pərvanə Məmmədli “Əli Tudənin yaradıcılığında həsrət mövzusu”, filologiya üzrə fəlsəfə doktoru, dosent Mahmizər Mehdibəyova “Əli Tudənin nəsri” və böyük elmi işçi Lətifə Mirzəyeva “Səməd Vurğun və Əli Tudənin ünsiyyət dünyası” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda ailəsi adından şairin oğlu Natiq Cavadzadə çıxış edərək atasının şeirlərindən nümunələr səsləndirib və tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.