Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası “Gəncədən Bakıya” adlı yeni layihəyə başlayıb.

Layihə çərçivəsində ilk konsert proqramı görkəmli bəstəkar, Xalq artisti, öz bənzərsiz mahnıları ilə qəlbləri fəth edən Elza İbrahimovaya həsr olunub.

Proqramda filarmoniyanın estrada ansamblının müşayiəti ilə Əməkdar artistlər Arzu Əliyeva, Kəmalə Tağızadə, Tural Abdullayev, gənc ifaçılar Zabitə Alıyeva, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, İlkin Fuad, solistlər Rüstəm Cəfərov, Əli Məmmədov, Vasif Bayramov, Məhərrəm Qasımov bəstəkarın “Bakının işıqları”, “Sən yadıma düşəndə”, “Gedək üzü küləyə”, “Gəl, barışaq”, “Mehribanım”, “Təki sən səslə məni”, “Ötən günlərimi qaytaraydılar”, “Gecələr bulaq başı” və s. populyar mahnıları oxuyublar.

Sonda səsləndirilən “Ey Vətən” mahnısı tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.

Aprelin 30-da layihə çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Gəncə Dövlət Filarmoniyası solistlərinin konserti keçirilib.

Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Gəncə Dövlət Filarmoniyasının direktoru Əməkdar artist Ramil Qasımov tədbirdə giriş sözü söyləyiblər.

Gəncə filarmoniyasının solistləri və gənc istedadların ifalarında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət rəngarəng proqram təqdim olunub.

Qeyd edək ki, layihə çərçivəsində ayda bir dəfə Gəncə Dövlət Filarmoniyasının solistləri Bakıda konsert proqramı ilə çıxış edəcəklər.

Nurəddin Məmmədli