Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Əməkdar artist Osman Hacıbəyovun (1924–1979) 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq Hacıbəyovlar nəslinin layiqli nümayəndəsi olan aktyorun incəsənət tariximizdə özünəməxsus yeri olduğunu deyib.

Muzeyin şöbə müdiri Xanım Abdinova Osman Hacıbəyovun yaradıcılıq yolu haqqında danışıb. Qeyd edib ki, O.Hacıbəyov otuz ildən artıq Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyət göstərib. O, teatrda Ayaz (“Ana”; A.Şaiq), Əşrəf və Qıdı kirvə (“Hacı Qəmbər”; N.Vəzirov), Yaşar (“Yaşar”; C.Cabbarlı), Tarverdi (“Xırs-quldurbasan”; M.F. Axundzadə), Protey (“İki veronalı”; V.Şekspir), İmran, Nəsrəddin (“Anacan” və “Nəsrəddin”; Y.Əzimzadə), Bəxtiyar (“Komsomol poeması”; İ.Coşqun) və başqa rollar oynayıb.

Tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova və tələbələrinin ifasında konsert proqramı təqdim olunub.

Sənətkarın iştirak etdiyi tamaşalardan ibarət videofraqmentlər nümayiş olunub.

Qeyd edək ki, Osman İsmayıl oğlu Hacıbəyov dahi bəstəkar Üzeyir Hacıbəylinin əmisi nəvəsidir. İsmayıl Hacıbəyovun (1879–1921) digər oğlu görkəmli bəstəkar, pedaqoq Soltan Hacıbəyovdur (1919–1974).